Accessibility links

BMT-də müzakirələr öncəsi Azərbaycan və Rusiya, Ermənistan və Fransa xarici işlər nazirləri arasında telefon danışığı aparılıb


Rusiya xarici işlər naziri Sergey Lavrov və Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov (Mənbə: Rusiya Xarici İşlər Nazirliyi)
Rusiya xarici işlər naziri Sergey Lavrov və Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov (Mənbə: Rusiya Xarici İşlər Nazirliyi)

Avqustun 15-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. Eyni zamanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Fransanın xarici işlər naziri Ketrin Kolonna ilə telefon danışığı olub.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, telefon danışığı zamanı Azərbaycan və Rusiya arasında mövcüd əməkdaşlıq gündəliyi, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, habelə regionda cari vəziyyət müzakirə olunub.

“Nazir Ceyhun Bayramov, Ermənistanın beynəlxalq hüquq normaları və prinsiplərinə zidd olaraq, Azərbaycana qarşı hərbi-siyasi təxribatlarını intensivləşdirməsinin iki ölkə arasında mövcud normallaşma prosesinə ciddi zərbə vurduğunu diqqətə çatdırıb. Bölgədə guya “gərgin humanitar vəziyyət”, “blokada”nın mövcudluğu ilə bağlı manipulyasiyalarını davam etdirən Ermənistanın, erməni sakinlərin təlabatlarının ödənməsi üçün Laçın yolu və digər alternativ yollardan istifadə ilə bağlı məsələlərin həll olunması üçün əldə olunmuş razılaşmalara əməl etmək əvəzinə, sülh prosesinə maneəçilik törətdiyi bildirilib”, məlumatda qeyd edilir.

Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatla təsbit olunmuş öhdəliklərə sadiqliyin vacibliyini qeyd edib.

Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, telefon danışığı zamanı Rusiya ilə Azərbaycan arasında ən aktual beynəlxalq və regional gündəliyə dair fikir mübadiləsi aparılıb.

“Dağlıq Qarabağ ətrafında vəziyyətin tez bir zamanda deeskalasiyasına, humanitar marşrutların, o cümlədən Laçın dəhlizinin blokunun açılmasına yönəlmiş əvvəllər prinsipcə razılaşdırılmış addımların praktiki həyata keçirilməsinin zəruriliyi xüsusi vurğulanıb. Bakı ilə Yerevan arasında münasibətlərin davamlı normallaşmasına nail olmaq üçün Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli sazişlərin bütün kompleksinin həyata keçirilməsinin alternativsizliyi vurğulanıb. Nazirlər bu sahədə konkret işlərin siyasi təbliğat xarakterli hərəkətlərlə əvəzlənməsi cəhdlərinin əks-məhsuldar olması ilə bağlı ortaq fikir bildiriblər”, Rusiya Xarici İşlər Nazirliyi bildirir.

Avqustun 15-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın isə Fransanın Avropa və Xarici İşlər naziri Ketrin Kolonna ilə telefon danışığı olub.

Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, nazir Mirzoyan həmkarına Azərbaycanın Laçın dəhlizinin “qeyri-qanuni şəkildə bağlanması nəticəsində Dağlıq Qarabağda daha da ağırlaşan humanitar böhranın” təfərrüatları barədə məlumat verib.

Məlumatda Ermənistanın xarici işlər naziri Mirzoyanın Ermənistanın BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılması tələbinə toxunduğu bildirilir.

“Azərbaycan beynəlxalq tərəfdaşların və təşkilatların çoxsaylı məqsədyönlü müraciətlərinə məhəl qoymur və 8 aydır ki, Laçın dəhlizinin qarşısını almaqda davam edərək, təkcə 9 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatı deyil, həm də Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarını pozur”, o qeyd edib.

Ararat Mirzoyan Dağlıq Qarabağda humanitar vəziyyətin davam edən gərginləşməsinin Ermənistanın və beynəlxalq birliyin regionda davamlı sülhün əldə edilməsinə yönəlmiş səylərini təhlükə altına sala biləcəyini vurğulayıb, həmçinin mövcud mexanizmlərdən səmərəli istifadə edilməsinin zəruriliyini qeyd edib.

Avqustun 11-də Ermənistan BMT Təhlükəsizlik Şurasına “Dağlıq Qarabağın mülki əhalisinin məcburi şəkildə tam blokadaya alınması ilə əlaqədar humanitar vəziyyətin pisləşməsi ilə əlaqədar” fövqəladə iclasının çağırılması xahişi ilə müraciət edib. Avqustun 16-da BMT-nin Təhlükəsizlik Şurasında Ermənistanın müraciəti müzakirə ediləcək.

Forum

XS
SM
MD
LG