Accessibility links

Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib


Ermənistan, Rusiya və Azərbaycan xarici işlər nazirləri
Ermənistan, Rusiya və Azərbaycan xarici işlər nazirləri

İyulun 25-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşü baş tutub.

Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, nazirlər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar, 26 noyabr 2021-ci il və 31 oktyabr 2022-ci il tarixli bəyanatlarının müddəalarına uyğun olaraq, Dağlıq Qarabağ ətrafında vəziyyətin deeskalasiyası və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinin irəlilədilməsi üzrə birgə səylərin təhlilinə diqqət yetiriblər.

Müzakirələrdən sonra mətbuata açıqlama verən Rusiya xarici işlər naziri Sergey Lavrov görüşün faydalı keçdiyini bildirib.

“Biz Dağlıq Qarabağdakı sülhməramlılarının verdiyi hesabatları nəzərə alaraq həmsöhbətlərimizə Rusiya tərəfinin mövqeyini çatdırdıq. Qarabağ əhalisinin ərzaq, dərman, ilkin tələbat malları ilə təmin edilməsi, fasiləsiz elektrik enerjisi və qazla təchiz olunması naminə tez və təxirəsalınmaz addımların atılması arzuolunandır. Bu, sadə insanların, ermənilərin, bölgə sakinlərinin maraqlarına cavab verir”, Lavrov vurğulayıb.

Rusiyalı diplomat qeyd edib ki, Ermənistan tərəfi Dağlıq Qarabağ ermənilərini Azərbaycan nümayəndələri ilə mümkün olan ən tez görüşlərdə müvafiq qanunvericilikdən və beynəlxalq öhdəliklərdən, o cümlədən milli azlıqların hüquqlarının təmin edilməsinə dair çoxsaylı konvensiyalardan irəli gələn hüquqları razılaşdırmağa inandırmağın zəruriliyini başa düşür.

“Yol asan deyil. Həll edilməli çoxlu mürəkkəb və vacib məsələlər var. Onlardan ən həssası 1991-ci ildə Alma-Atada keçmiş sovet respublikalarının rəhbərləri tərəfindən imzalanmış Bəyannaməyə tam uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi çərçivəsində Dağlıq Qarabağ ermənilərinin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsi problemidir. Bunun vacibliyi bu gün həm Azərbaycan, həm də Ermənistan rəhbərliyi tərəfindən təsdiqlənib. Buna uyğun olaraq sülh müqaviləsi üzərində iş aparılır”, Lavrov əlavə edib

Nazirlər üçtərəfli sazişlərin bütün yolları, o cümlədən nəqliyyat kommunikasiyalarının açılması, Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası, habelə ictimai xadimlər və ekspertlər arasında təmasların və parlamentarilər arasında dialoqun başlanması da daxil olmaqla, işin intensivləşdirilməsinin vacibliyini bir daha təsdiqləyiblər. Qalan fikir ayrılıqlarının aradan qaldırılmasına diqqət yetirməklə Bakı ilə Yerevan arasında sülh müqaviləsinin razılaşdırılması mövzusuna xüsusi diqqət yetirilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin görüş barədə məlumatına görə, Ceyhun Bayramov bölgədə mövcud vəziyyət, “Azərbaycan tərəfindən regionda sülh və təhlükəsizliyin bərqərar olunması istiqamətində atılan addımlar əleyhinə Ermənistan tərəfindən törədilən hədə və qeyri-qanuni fəaliyyətlər, habelə təyyarələrin uçuşuna törədilən maneələr daxil, hərbi təxribatlar” barədə Azərbaycanın mövqeyini bir daha diqqətə çatdırıb. Nazir həmçinin bölgədə humanitar vəziyyətə dair səssləndirilən iddiaların tamamilə əssasız olduğunu vurğulayıb.

“Azərbaycanın öz suveren ərazilərində yaşayan ermənilərin reinteqrasiyası tədbirlərinə müdaxilə cəhdlərinə son qoyulması, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün sözdə və əməldə Ermənistan tərəfindən qeyd-şərtsiz təsdiqlənməsinin, eləcə də öhdəliklərə zidd olaraq hələ də tam olaraq Azərbaycan ərazisində mövcud olan erməni silahlı qüvvələrinin ərazilərimizdən çıxarılmasının bölgədə sülhün təmin edilməsi üçün ən zəruri şərtlər olduğu nazir Ceyhun Bayramov tərəfindən vurğulanıb”, Nazirliyin məlumatında qeyd edilir.

Görüş barədə Ermənistan Xarici İşlər Nazirliyinin Twitter səhifəsində “nazir Ararat Mirzoyanın üçtərəfli görüşdə Dağlıq Qarabağda pisləşən humanitar vəziyyəti vurğuladığı, Laçın dəhlizinin açılması və təchizatların çatdırılması məsələlərini qaldırdığı” qeyd edilib.

Tərəflər növbəti görüşlərin, o cümlədən bu il Rusiya, Azərbaycan və Ermənistan liderlərinin daha bir sammitinin keçirilməsi planlarının hazırlanması üzərində işi davam etdirəcəklərini bildiriblər.

XS
SM
MD
LG