Accessibility links

Rəsmi Moskva Ərdoğanın Qarabağdakı rus sülhməramlıları ilə bağlı sözlərinə reaksiya verib


Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova cümə axşamı keçirdiyi brifinq zamanı regionda davam edən gərginlik fonunda Rusiyanın Qarabağdakı sülhməramlı missiyasının işinin böyük əhəmiyyət kəsb etdiyini deyib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya sülhməramlılarının 2025-ci ildə Qarabağı tərk edəcəyinə dair bəyanatını şərh edən Zaxarova qeyd edib ki, Ankara Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il tarixli birgə bəyanatının tərəfi deyil. Sözçü Rusiya sülhməramlı kontingentinin münaqişə zonasında xüsusi olaraq bu sənəd əsasında yerləşdirildiyini və müddətin uzadılması ilə bağlı parametrlərin məhz bu sənəddə əks tapdığını əlavə edib.

"Rusiya sülhməramlıları Dağlıq Qarabağda mühüm sabitləşdirici rol oynamaqda davam edir; onların əsas funksiyası atəşkəs rejiminə riayət etməkdir. Regionda davam edən gərgin vəziyyəti nəzərə alsaq, onların işi həmişə olduğu kimi vacibdir”, Zaxarova qeyd edib.

Prezident Ərdoğan iyulun 12-də Vilnüsdə NATO sammitinin sonunda keçirdiyi mətbuat konfransında azərbaycanlı jurnalistin sualına cavab olaraq Rusiya sülhməramlılarının 2025-ci ildə Azərbaycandan çıxacağını bildirib.

“Anlaşma Rusiya əsgərinin 2025-ci ilə qədər bu yerlərdə qalmasını nəzərdə tutur. 2025-ci ildə Rusiya buraları tərk edəcək. Anlaşma bu istiqamətdədir. Mən də Rusiyanın bu anlaşmaya sadiq qalacağına inanıram. Dəyərli qardaşım İlham Əliyev də bunu yaxından izləyir”, Ərdoğan deyib.

Zaxarova qeyd edib ki, Cənubi Qafqazda sülhün qorunması həm Azərbaycanın, həm Ermənistanın, həm də regional güclərin, o cümlədən Türkiyənin maraqlarına cavab verir. “Bu baxımdan, Ağdam rayonunda yerləşən Rusiya-Türkiyə müştərək Mərkəzi çərçivəsində türk tərəfdaşlarımızla mühüm əməkdaşlığı qeyd edə bilərik,” diplomat əlavə edib.

Brifinq zamanı Ermənistan və Azərbaycan arasındakı danışıqlar prosesinə toxunan Zaxarova Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması ilə bağlı Moskvada Rusiya, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün təşkili ehtimalının çox yüksək olduğunu bildirib.

“Mənə elə gəlir ki, imkanlar çox yaxşıdır və hazırda belə bir görüş üzərində işləyən ekspertlərdən konkret məlumat aldıqdan sonra onu mütləq sizinlə bölüşəcəyik”, o, jurnalistlərə deyib.

Rusiya Xarici İşlər Nazirliyi bir neçə gün əvvəl yaydığı bəyanatda sülh müqaviləsinin razılaşdırılması məsələsini müzakirə etmək üçün yaxın vaxtlarda Moskvada xarici işlər nazirlərinin üçtərəfli görüşünü təşkil etməyə və ardınca Moskvada həmin sənədin imzlanması üçün Rusiya, Azərbaycan və Ermənistan liderlərinin sammiti keçirilməsinə hazır olduğunu vurğulayıb.

Rəsmi Moskvanın məsələ ilə bağlı bəyanatı iyulun 15-də Brüsseldə Azərbaycan və Ermənistan lideləri arasında Avropa İttifaqı vasitəçiliyi ilə keçirilən görüşdən sonraya təsadüf edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG