Accessibility links

Metyu Miller: ABŞ Ermənistan və Azərbaycan nazirləri arasında növbəti görüşü səbirsizliklə gözləyir


Mettyu Miller
Mettyu Miller

ABŞ Ermənistan və Azərbaycan nazirləri arasında növbəti görüşü səbirsizliklə gözləyir.

Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller iyulun 12-də keçirdiyi ənənəvi brifinqdə Turan Agentliyinin sualına cavabda deyib.

"Hazırda heç bir görüş nəzərdə tutulmayıb, lakin biz Ermənistan və Azərbaycan nazirləri arasında növbəti görüşü səbirsizliklə gözləyirik. Biz tərəflərin bir sıra məsələlərdə ciddi irəliləyiş əldə etdiklərini nəzərdə tuturuq. Hətta son görüş zamanı onlar (Azərbaycan və Ermənistan xarici işlər nazirləri-red) həll olunmamış məsələlərin sayının azalmasına nail olublar. Beləliklə, biz hesab edirik ki, həllini gözləyən məsələlərin sayı azalmaqla, razılaşma əldə oluna bilər, amma əlbəttə ki, hər iki tərəfin güzəştə getməyə hazır olmalarına ehtiyac var", o deyib.

ABŞ dövlət katibi Antoni Blinken iyulun 11-i və 12-də Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ayrılıqda telefon söhbəti zamanı Birləşmiş Ştatların iki ölkə arasında davamlı sülhün əldə edilməsi səylərinə dəstəyini vurğulayıb.

Blinken bu haqda Twitter səhifəsində yazdığı mesajlarda bildirib.

“Azərbaycanla sülhün təmin edilməsi istiqamətində davam edən səylərə güclü dəstəyimi bir daha bəyan etmək üçün dünən Ermənistan Baş naziri Nikol Paşinyanla telefonla danışdım. Birbaşa dialoq və diplomatiya Cənubi Qafqazda davamlı sülhə aparan yeganə yoldur və mən bunu asanlaşdırmağa kömək etməyə sadiqəm,” ABŞ dövlət katibi Antoni Blinken baş nazir Nikol Paşinyanla telefon söhbəti haqda mesajında bildirib.

Daha sonra Blinken Twitter səhifəsində prezident Əliyevlə telefon söhbəti barədə yazıb.

“Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi istiqamətində davam edən səylərdə Birləşmiş Ştatların güclü dəstəyini bir daha vurğulamaq üçün bu gün Azərbaycan Prezidenti Əliyevlə telefonla danışdım. Birləşmiş Ştatlar bu müzakirələri asanlaşdırmağa kömək etməkdə qərarlıdır,” ABŞ dövlət katibi Antoni Blinken bildirib.

Rəsmi Vaşinqton Azərbaycan və Ermənistan xarici işlər nazirləri, Ceyhun Bayramov və Ararat Mirzoyan arasında sülh danışıqlarının iki raunduna ev sahibliyi edib.

ABŞ-da Azərbaycan və Ermənistan arasında danışıqların birinci raundu mayın 1-dən 4-dək keçirilib. Blinken dörd gün davam edən danışıqların sonunda tərəflərin mürəkkəb məsələləri müzakirə etdiyini və “nəzərəçarpacaq irəliləyiş”ə nail olduqlarını bildirib.

İyunun 27-29-u tarixlərində isə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında ABŞ-da danşıqların ikinci raundu olub. ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında ikitərəfli danışıqların açılışından öncə onlarla təkbətək görüşlər keçirib. Blinken danışıqlar zamanı irəliləyişə nail olunduğunu, gələcək saziş üzrə bəzi maddələrin razılaşdırıldığını və tərəflərin mövqelərində anlaşmanın əldə olunmasını qeyd edib.

Xarici işlər nazirləri Vaşinqtonda olduqları müddətdə həmçinin ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla görüşüblər.

XS
SM
MD
LG