“Azərbaycanın İrandakı səfirliyində hadisə törədən şəxsə ən ağır və şiddətli cəzalar veriləcək”.
Yerli mətbuatın məlumatına görə, bu barədə iyulun 5-də Bakıda səfərdə olan Hüseyn Əmir Abdullahiyan jurnalistlərə açıqlamasında bildirib.
O, bu gün Prezident İlham Əliyev tərəfindən qəbul edilən zaman Azərbaycanın Tehrandakı səfirliyinə hücuma da toxunduqlarını qeyd edib.
Nazir onu da bildirib ki, diplomatik korpusun təhlükəsizliyi ilə bağlı hər hansısa bir qurumun və şəxsin qüsuru varsa və bu isbat olunacaqsa, onlar da öz cəzalarını alacaqlar.
İranlı nazir jurnalistlərə açıqlamasında İranla Azərbaycan arasındakı yüksək səviyyəli əlaqələri bərpa edəcəyinə inandığını deyib.
“Biz ölkələrimiz arasındakı yüksək səviyyəli əlaqələri və münasibəti bərpa edəcəyimizə inanırıq”, Hüseyn Əmir Abdullahiyan qeyd edib.
O, həmçinin Cənubi Qafqazda bütün problemlərin sülh və danışıqlar yolu ilə həllini tapacağına inandıqlarını da vurğulayıb.
İki ölkə arasındakı gərginliyin mümkün yumşaldılması prosesinə vurğudur?
Siyasi şərhçi Aqşin Kərimov Azərbaycan Prezidenti İlham Əliyev və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan arasında baş vermiş görüşü Amerikanın Səsinə şərh edib. O hesab edir ki, iki ölkə arasındakı gərginliyin mümkün yumşaldılması prosesinə vurğudur.
“Təbii ki, nə Azərbaycan Cənubi Qafqaz üzrə maksimalist məqsədlərindən, nə də İran özünün regional genişlənmə siyasətindən əl çəkib.
Azərbaycanla İranın maraqlarının toqquşan səhnəsi gərginlik yaradır və buna başqa oyunçuların geosiyasi əlavələri də əlavə fon verir.
Lakin Bakı-Tehran münasibətlərinin gərgin olmayan iqtisadi fazası da mövcuddur, bu, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin Rusiya üçün əhəmiyyətinin artması fonunda faydalı yük əmsalını artırır.
Ona görə də, Azərbaycanla İran həmin dəhlizin regional və beynəlxalq əhəmiyyətinin bir-birlərinə verəcəyi qarşılıqlı dividentləri nəzərə alacaq.
Bu mənada Azərbaycan-İran münasibətlərinin strateji çalarlarında gərginlik qalsa da, iqtisadi müştərək maraqlar da ön planda qalacaq” o qeyd edib.
İranın ədliyyə rəsmisi Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumla bağlı "əvvəlkitək bir müttəhim" olduğunu deyir
İyulun 4-də İranın xəbər agentlikləri İranın ədliyyə rəsmisinə istinad edərək yazıb ki, Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumla bağlı "əvvəlkitək bir müttəhim" var.
İranın məhkəmə sistemi və ədliyyə üzrə nümayəndəsi Məsud Satayşi baş verənləri "gözlənilməz və kədərli insident” adlandırıb.
Azərbaycan və İran arasında yaranan gərginliyin səbəbləri
İkinci Qarabağ müharibəsindən sonra (sentyabr-noyabr, 2020-ci il) İran-Azərbaycan münasibətlərində gərginlik yaranıb və hazırda da davam edir. Müharibədən sonra İran Azərbaycanla sərhəddə azı iki hərbi təlim keçirib. İran rəsmiləri Azərbaycanı hədələyici bəyanatlarla çıxış edib. Buna cavab olaraq Azərbaycan da İranla sərhəddə iki dəfə hərbi təlimlər keçirib.
Rəsmi Bakı səfirliyə hücumu terror aktı kimi qiymətləndirir
2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum olub. Hücum nəticəsində diplomatik missiyanın təhlükəsizlik xidmətinin rəhbəri həlak olub, daha iki mühafizəçi yaralanıb. Tehran polisi şübhəli şəxsi həbs etdiyini bildirib.
İran rəsmiləri yanvarın 27-də baş verən hadisəni pisləyib və silahlı şəxsin siyasi deyil, şəxsi motivi olduğunu bildirib.
Azərbaycan prezidenti İlham Əliyev silahlı hücumu terror aktı kimi qiymətləndirib.
Hücumdan sonra İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Azərbaycan Tehrandakı səfirliyinin diplomatik fəaliyyətini tamamilə dayandırıb, ölkədəki bütün diplomatlarını çıxarıb.
Bundan sonra aprelin 6-da Azərbaycan İran səfirliyinin 4 diplomantını ölkədən çıxarıb. İran isə mayın 5-də Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun 4 əməkdaşını ölkədən çıxardığını bildirib.
Beynəlxalq ictimaiyyət Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu qınayıb və İrana Cenevrə Konvensiyasına uyğun olaraq ölkədəki xarici diplomatların qorunmasına dair öhdəliyini xatırladıb.
Rəsmi Bakı isə Tehrandan bu hücumun araşdırılmasını və günahkarın cəzalandırılmasını tələb edir.