Accessibility links

Rusiyanın tanınmış jurnalisti Çeçenistanda vəhşicəsinə döyülüb


Yelena Milaşina
Yelena Milaşina

İnsan haqları qrupları və işlədiyi media orqanının bildirdiyinə görə,
Rusiyanın mükafata layiq görülmüş araşdırmaçı jurnalisti Çeçenistana səfəri zamanı silahlı şəxslər tərəfindən vəhşicəsinə döyüldükdən sonra xəstəxanaya yerləşdirilib.

Hücum çərşənbə axşamı səhər saatlarında Yelena Milaşina və vəkil Aleksandr Nemov hava limanından gələrkən baş verib.

"Memorial" hüquq -müdafiə təşkilatı sosial şəbəkədə "Yelena Milaşinanın barmaqları sınıb və o, bəzən huşunu itirir. Onun bütün bədənində qançillər var" - deyə, bildirib.

Məlumatda deyilib ki, onların "üzləri də olmaqla, təpiklə vəhşicəsinə döyülüb, başlarına silah dayandırmaqla, ölümlə hədələnib. Onların avadanlıqları əllərindən alınaraq, sındırılıb".

"İşgəncələrə Qarşı Komitə" adlanan başqa bir insan haqları təşkilatı Milaşinanın başı qırxılmış, üzü və başının yaşıl boyaya bürünmüş, əlləri sarıqlı fotolarını dərc edib.

Videoda Milaşina xəstəxana çarpayısında uzanaraq, başına gələnləri danışıb.

O, "Gəlib taksi sürücüsünü maşından atdılar. İçəri atılıb başımızı aşağı itələdilər və əllərimi bağladılar. Tapançanı başımıza dirəyərək, diz üstə çökdürdülər" deyib.

Kremlin sözçüsü Dmitri Peskov brifinq zamanı jurnalistlərə bildirib ki, prezident Vladimir Putin bu barədə məlumatlandırılıb.

"Söhbət güclü tədbirlər tələb edən çox ciddi hücumdan gedir" - deyə, Peskov bildirib.

İnsan haqlarının davamlı pozulmasında ittiham olunan Çeçenistan lideri Ramzan Kadırov Onlayn açıqlamasında hücumun arxasında kimlərin dayandığını müəyyənləşdirmək üçün rəsmilərə göstəriş verdiyini deyib.

"Hadisə barədə məlumatdan dərhal sonra rəsmilər işə başlayıb" - deyə məlumatda bildirilib.

Media hüquqlarını müdafiə edən "Sərhədsiz Reportyorlar" təşkilatı Milaşinaya qarşı "vəhşi hücumdan dəhşətə gəldiyini" bildirib.

İnsan haqları qrupu "Amnesty International" Rusiyanı döyülmə faktını araşdırmağa çağırıb.

Rusiyanın ən böyük müstəqil nəşri olan Novaya qazeta Milaşinanın Nemovla birlikdə Çeçenistanın paytaxtı Qroznıda xəstəxanada olduğunu bildirib.

XS
SM
MD
LG