Accessibility links

İlham Əliyev: ABŞ-la əlaqələrimizi daha da genişləndirmək əzmindəyik 


Co Bayden and İlham Əliyev (official photo)
Co Bayden and İlham Əliyev (official photo)

Azərbaycan Prezident İlham Əliyev ABŞ Prezidenti Co Baydeni Müstəqillik Günü münasibətilə təbrik edib.

“Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında əlaqələr dostluq və əməkdaşlıq zəminində dinamik inkişaf edərək bir sıra sahələrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Qlobal çağırışlara, beynəlxalq terrorizmə qarşı mübarizə, təhlükəsizlik məsələlərində fəal və səmərəli birgə işimiz, iqtisadi sahədə geniş spektrdə qarşılıqlı fəaliyyətimiz ikitərəfli münasibətlərimizi səciyyələndirən başlıca amillərdəndir”, təbrikdə deyilir.

Prezident bildirir ki, iki ölkə arasında enerji sahəsindəki əhəmiyyətli əməkdaşlıq məmnunluq doğurur.

“Birləşmiş Ştatlar Azərbaycanın enerji strategiyasını bütün mərhələlərdə qətiyyətlə və davamlı şəkildə dəstəkləmişdir. Biz enerji təhlükəsizliyinin təmin olunmasında ölkələrimizin sıx əməkdaşlığını, reallaşdırdığımız irimiqyaslı transmilli layihələrdə ABŞ-ın hərtərəfli dəstəyini xüsusi dəyərləndiririk.

Hazırda Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün əlverişli şərait formalaşmışdır. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasında, beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh müqaviləsinin hazırlanması prosesində ABŞ-ın səylərini yüksək qiymətləndiririk.

Hörmətli cənab Prezident, bu gün biz bir sıra sahələrdə qarşılıqlı fəaliyyətimizin böyük potensialından yararlanaraq ABŞ-la əlaqələrimizi daha da genişləndirmək əzmindəyik. Əminəm ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan Azərbaycan-ABŞ tərəfdaşlığının inkişafı və möhkəmləndirilməsi yolunda birgə səylərimizi dövlətlərimizin maraqları və xalqlarımızın mənafeyi naminə bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik”, məktubda deyilir.

Siyasi tədqiqatçı Fərid Şahbazov Amerikanın Səsinə bildirib ki, ABŞ-Azərbaycan əməkdaşlığı uzun illərə dayanan bir ənənəyə sahibdir.

please wait

No media source currently available

0:00 0:02:13 0:00

“Müstəqilliyi əldə etdikdən bu günə qədər ABŞ və Azərbaycan arasında müxtəlif sahələrdə çox dərin əməkdaşlıq qurulub. Burada daha çox enerji, iqtisadi yardım , regionlarda infrastruktur layihələrin maliyyələşdirməsinə dəstək və s. Müəyyən mənada Azərbaycan Silahlı Qüvvələrinin möhkəmləndirilməsi istiqamətdində ABŞ-ın Azərbaycana ayırdığı yardımlar və 2016-cı ildən bu yardımlar keçmiş ABŞ prezidenti Donald Tramp administrasiyası dövründə Azərbaycana daha intensiv hal almışdır”, o qeyd edib.

Ekspertin sözlərinə görə, ABŞ-ın daha çox Azərbaycanda enerji struktur layihələrinə yardımı nəzərə çarpır.

“Bura daha çox Cənubi Qaz Dəhlizi layihəsi çərçivəsində həyata keçirilən bütün layihələr daxildir”, Şahbazov bildirib.

Onun sözlərinə görə, Co Baydenin administrasiyası dövründə müəyyən mənada siyasi müstəvidə bəzi mövzularda narazılıqlar olsa da, hazırda onun administrasiyası dövründə Azərbaycan-Ermənistan arasında sülh danışıqları prosesində ABŞ-ın artan rolu görünür.

“Bu onun göstəricisidir ki, ABŞ Cənubi Qafqaz regionunda öz əvvəlki təsirini daha da artırmaq niyyətindədir. Hazırkı administrasiya bununla bağlı çox intensiv şəkildə sülh danışıqları prosesini davam etdirmək üçün həm Azərbaycanı, həm də Ermənistanı təşviq edir”, Şahbazov deyib.

Siyasi tədqiqatçı hesab edir ki, 2023-ci ildə Co Baydenin administrasiyası Azərbaycanla daha sıx təmasda çalışacaq ki, sülh prosesi danışıqlarında ciddi bir irəliləyiş əldə edilsin.

Bu ilin mayında ABŞ Prezidenti Co Bayden Azərbaycanın Müstəqillik Günü ilə bağlı Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

“Ötən 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində əməkdaşlığımız tarixin mühüm anında öz bəhrəsini verir, Azərbaycan Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynayır. Azərbaycanın Ukraynanın suverenliyinə dəstəyi, habelə Ukraynaya göstərdiyi humanitar və enerji sahəsində yardımı vacib ismarış verir. Biz, həmçinin Sizin terrorizmə qarşı qlobal mübarizəyə verdiyiniz əhəmiyyətli töhfələrinizi təqdir edirik”, Co Bayden qeyd edib.

Həmçinin məktubda Cənubi Qafqazda davamlı sülhün vacibliyi məsələsinə də toxunulub.

“İndi Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkana bəslənən ümid zamanıdır. Amerika Birləşmiş Ştatları bütün Qafqaz və Trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcək Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və Azərbaycanın iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin qurulmasına kömək etməyə hazırdır”, o qeyd edib.

ABŞ prezidenti məktubda Azərbaycandakı insan hüquq və azadlıqları məsələlərinə də toxunub.

XS
SM
MD
LG