ABŞ səfirliyi Azərbaycanın Elm və Təhsil Nazirliyi, ADA Universiteti və Şimali Karolina Dövlət Universiteti ilə birlikdə orta məktəblərin 500-dən çox ingilis dili müəllimi üçün iki günlük seminar və konfrans keçirib.
ABŞ səfirliyinin məlumatında deyilir ki, “İngilis dilinin tədrisində strategiyalar və innovasiyalar” adlı konfrans Şimali Karolina Dövlət Universiteti tərəfindən idarə olunan və ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən azərbaycanlı ingilis dili müəllimləri üçün 14 həftəlik Magistr səviyyəsində onlayn İngilis Dili Təlim Sertifikat Proqramının üçüncü buraxılışının kulminasiya nöqtəsidir.
“Tədbir Azərbaycanın bir sıra regionlarından olan müəllimləri bir araya gətirdi və iştirakçılar üçün pedaqoji qabaqcıl təcrübələri öyrənmək və həmyaşıd pedaqoqların peşəkar şəbəkəsini qurmaq üsullarını inkişaf etdirmək imkanı oldu. Onlar, həmçinin kommunikativ təlim metodları, sinifdə texnologiyadan istifadə, kurrikulumun hazırlanması kimi mövzuları müzakirə ediblər”, məlumatda deyilir.
Səfirlik bildirir ki, 2020-2022-ci illərdə təxminən 200 azərbaycanlı ingilis dili müəllimi, bu il isə daha 100 nəfər proqramı başa vurub.
ABŞ səfirliyi ABŞ-Azərbaycan ikitərəfli münasibətlərinə və insanların insanlarla əlaqələrinə töhfə verməklə Azərbaycanda ingilis dili proqramlaşdırmasını dəstəkləmək imkanından məmnun olduqlarını bildirib və ölkənin müəllim korpusu arasında bu peşəkar inkişaf imkanlarına olan motivasiyanı vurğulayıb.
ABŞ səfirliyinin Mədəniyyət məsələləri üzrə müşaviri Salman Hacı Azərbaycan məktəblərində ingilis dilinin tədrisinin yaxşılaşdırılması istiqamətində göstərilən səyləri yüksək qiymətləndirib: “Mən çox şadam ki, Şimali Karolina Universitetini bitirmiş 100 müəllim-şagirddən çoxu bu gün buradadır. İngilis dilini bilmək mühüm bacarıqdır və Azərbaycanın gələcək nəslini qlobal səhnəyə çıxarmaq üçün sizin rolunuz çox vacibdir”, o qeyd edib.
Azərbaycanın Təhsil İnstitutunun direktoru Rüfət Əzizov deyib ki, Azərbaycanın ümumi təhsil sistemində 10 minə yaxın ingilis dili müəllimi fəaliyyət göstərir.
“Hazırda Təhsil İnstitutu əvəzsiz beynəlxalq təcrübələlərdən istifadə edərək ingilis dili dərsliklərinin yenilənməsi ilə məşğuldur. Buna görə də müəllimlərimizin yenilənmiş dərsliklərdəki məzmunu effektiv şəkildə şagirdlərə ötürərək tədris etməkləri üçün lazımi bacarıqlara malik olmaqlarını təmin etmək mütləq zərurətdir. Ona görə də ingilis dili müəllimlərinin təkmilləşdirilməsi sahəsində son üç ildə görülən işlər mühüm əhəmiyyət kəsb edir. Biz ingilis dili müəllimlərimizin peşəkar bacarıqlarının artırılmasına yönəlmiş birgə səyləri dərindən qiymətləndiririk”, o qeyd edib.
ADA Universitetinin Akademik işlər üzrə prorektoru Vəfa Kazdal hesab edir ki, müəllimlərin bu təlim vasitəsilə əldə etdikləri təkmil dil bilikləri, metodologiya və tədqiqat bacarıqları onların sinif otaqlarında minlərlə şagirdə böyük təsir göstərəcək.
Şimali Karolina Dövlət Universitetində qlobal təhsil və məşğulluq üzrə prorektoru Maykl Bustl Azərbaycanda gələcək nəslin tədrisində həvəsi, yaradıcılığı və yorulmaz enerjiləri üçün bütün Azərbaycan müəllimlərinə təşəkkür edib.
ABŞ-nin Azərbaycandakı səfirliyi və Şimali Karolina Dövlət Universiteti Azərbaycan Elm və Təhsil Nazirliyinin dəstəyi ilə bu layihəni dördüncü dəfə 2023-cü ildən 2024-cü ilə qədər davam etdirmək niyyətindədir.
“Bu tərəfdaşlıq Azərbaycanda ingilis dilinin tədrisində əhəmiyyətli irəliləyişlərlə nəticələndi və Azərbaycanın bütün təhsil sektorunda ingilis dilində səlis danışıq səviyyəsini artırmaq məqsədini dəstəklədi. ABŞ səfirliyinin bu və digər ingilisdilli proqramlarının bir neçə məzunu beynəlxalq konfranslarda, mübadilə proqramlarında uğurla iştirak edib və digər diqqətəlayiq nailiyyətlər əldə edib”, ABŞ səfirliyi qeyd edib.