Accessibility links

Dövlət Departamenti: Son hadisələr davamlı və ləyaqətli sülhün zəruriliyini vurğulayır


“Dağlıq Qarabağda insan itkisi bizi dərindən narahat edir və bütün həlak olanların ailələrinə başsağlığı veririk. Bu, son hadisələr hərbi əməliyyatlardan çəkinməyin, davamlı və ləyaqətli sülhün zəruriliyini vurğulayır”.

Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel iyunun 28-də ənənəvi brifinqdə Turan agentliyinin sualının cavabında bildirib.

“ABŞ tərəflərə bu məqsədə çatmaqda kömək etmək öhdəliyinə sadiq qalır və dövlət katibi Blinken birbaşa sülh prosesində iştirak edir. Birbaşa dialoq problemlərin həllinə, davamlı və layiqli sülhə nail olmaq üçün açardır. Xarici işlər nazirləri ilə dünənki görüşlər konstruktiv keçdi və sülh danışıqları bu gün və sabah davam etdiriləcək. Cədvəldə heç bir dəyişiklik yoxdur. Biz bunun üzərində işləməyə davam edəcəyik.”

Vedant Patel ABŞ dövlət katibinin Azərbaycan və Ermənistan arasında sülh prosesində birbaşa iştirakını xüsusi vurğulayıb.

“Deyə bilərəm ki, bu, dövlət katibinin, komandamızın digər üzvləri, o cümlədən Qafqaz danışıqları üzrə baş məsləhətçimiz Lui Bononun xarici işlər nazirləri ilə birbaşa məşğul olacağı bir prosesdir. Bildiyiniz kimi, dünən dövlət katibinin onlarla həm ikitərəfli, həm də üçtərəfli şəkildə görüşmək imkanı olub və biz bu sülh danışıqlarının davam etdirilməsini səbirsizliklə gözləyirik”, o qeyd edib.

ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının növbəti raunduna ev sahibliyi edir. Danışıqlar iyunun 29-dək davam edəcək.

ABŞ-da Azərbaycan və Ermənistan arasında danışıqların birinci raundu mayın 1-dən 4-dək keçirilib. Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında dörd gün davam edən sülh danışıqları baş tutub.

ABŞ Dövlət katibi Antoni Blinken Vaşinqton görüşünün yekununda qeyd edib ki, iki tərəf “çox mürəkkəb” məsələləri müzakirə edib və dayanıqlı sülh razılaşması istiqamətində “ciddi irəliləyişə” nail olub.

XS
SM
MD
LG