Accessibility links

Məcburi köçkün ailələri Laçın şəhərinə qayıdıb


Məcburi köçkün ailələri Laçın şəhərinə köçürülüb (Mənbə: Qaçqınkom)
Məcburi köçkün ailələri Laçın şəhərinə köçürülüb (Mənbə: Qaçqınkom)

İyunun 19-da Azərbaycanın azad edilmiş Laçın şəhərinə daha 13 ailə (44 nəfər) qayıdıb. Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, dövlət vəsaiti hesabına bərpa edilən və ya yenidən tikilən evlərində məskunlaşıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə bununla da Laçın şəhərində 55 ailənin, yəni 213 nəfərin daimi məskunlaşması təmin edilib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov deyib ki, bu ilin sonunadək ümumilikdə 2 minə yaxın məcburi köçkün ailəsinin, yəni 10 minə yaxın keçmiş məcburi köçkünün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında öz doğma evlərinə qayıdışı və daimi məskunlaşdırılması nəzərdə tutulub.

"Laçın şəhərinə 700-dək ailənin, Laçın rayonunun Zabux və Sus kəndlərinə 400 ailənin köçürülməsi planlaşdırılıb. Eyni zamanda, Füzuli şəhərinə 267 ailənin, Zəngilanın Ağalı kəndinə növbəti mərhələdə 100-ə yaxın ailənin qayıdışı və məskunlaşdırılması nəzərdə tutulub", o qeyd edib.

Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində yüz minlərlə azərbaycanlı öz dogma yurdlarından köçkün düşüb. Onlar müvəqqəti olaraq Azərbaycanın müxtəlif regionlarında məskunlaşıb. 2020-ci il 44 günlük müharibə nəticəsində (27 sentyabr-11 noyabr 2020-ci il) Azərbaycan ərazilərini azad edib. Hazırda minatəmizləmə işləri ilə yanaşı azad edilmiş ərazilərdə yaşayış məntəqələrinin tikintisi davam etdirilir.

XS
SM
MD
LG