Accessibility links

Rəsmi Bakı fransalı nazirin Qarabağdakı vəziyyətlə bağlı şərhinə cavab verib


Rəsmi Bakı Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonanın ötən gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə telefon danışığı zamanı Qarabağdakı vəziyyətlə bağlı səsləndirdiyi fikirlərin əsassız olduğunu bildirib.

“Guya Laçın yolunun Azərbaycan tərəfindən “blokadada” saxlanıldığı və bunun nəticəsində “erməni sakinlərin ciddi humanitar böhranla üzləşdiyi” ilə bağlı iddialarla əlaqədar bir daha xatırlatmaq istərdik ki, Azərbaycanın Laçın yolunda vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsizliyinə zəmanət verilməsi öhdəliyinə uyğun olaraq, eləcə də Ermənistan tərəfindən Laçın yolundan hərbi və qeyri-qanuni iqtisadi məqsədlər üçün sui-istifadə hallarının qarşısını almaq məqsədilə təsis etdiyi Laçın sərhəd buraxılış məntəqəsinin fəaliyyətinin blokada kimi qələmə verilməsi absurddur”, Azərbaycan Xarici İşlər Nazirliyi bildirib.

Azərbaycan Ermənistan tərəfinin iki ölkə arasındakı şərti sərhəddə və Qarabağ iqtisadi rayonunda yeni təxribatlara zəmin yaratdığını, böhtan xarakterli məlumat yaymaqla dünya ictimaiyyətinin diqqətini yayındırmağa çalışdığını qeyd edib.

Fransa və Ermənistan xarici işlər nazirləri avqustun 15-i telefonla danışaraq “Azərbaycanın Laçın dəhlizini blokadaya alması nəticəsində Dağlıq Qarabağda yaranmış humanitar böhranı” müzakirə edib.

Fransa tərəfinin məlumatına görə, nazir Katrin Kolona Dağlıq Qarabağ əhalisinin səkkiz aydan artıqdır davam edən blokadanın nəticələrindən əziyyət çəkməsi ilə bağlı dərin narahatlığını ifadə edib. O, Azərbaycanın atəşkəs razılaşması üzrə götürdüyü öhdəliklərə zidd olan və danışıqlar prosesinə ziyan vuran davamlı blokadadan təəssüfləndiyini bildirib, ədalətli və davamlı sülhə nail olmaq üçün həll edilməmiş məsələlərin yalnız danışıqlar yolu ilə həll oluna biləcəyini vurğulayıb.

Fransa yenidən Azərbaycanı Laçıın dəhlizi vasitəsilə sərbəst hərəkəti bərpa etməyə çağırıb, habelə Qarabağdakı erməni əhaliyə humanitar dəstək məqsədi ilə Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) əlavə 3 milyon avro ianə edəcəyini bildirib.

Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, nazirlər telefon danışığı zamanı, həmçinin Ermənistanın Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının təcili iclasının çağırılması ilə bağlı tələbinə də toxunub.

Avqustun 11-də Ermənistan BMT Təhlükəsizlik Şurasına “Dağlıq Qarabağın mülki əhalisinin məcburi şəkildə tam blokadaya alınması ilə əlaqədar humanitar vəziyyətin pisləşməsi ilə əlaqədar” fövqəladə iclasının çağırılması xahişi ilə müraciət edib.

Ermənistanın bu müraciəti ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan rəhbərliyinin “revanşizm siyasətinin qurbanına” çevrildiyini qeyd edib, Yerevanı BMT Təhlükəsizlik Şurasını "manipulyasiya kampaniyası üçün alətə çevirmək" cəhdində ittiham edib.

Avqustun 16-da BMT-nin Təhlükəsizlik Şurasında Ermənistanın müraciəti müzakirə ediləcək.

Forum

XS
SM
MD
LG