Accessibility links

ABŞ və Azərbaycan rəsmiləri Azərbaycanla Ermənistan arasında normallaşma prosesini müzakirə edib


Ceyhun Bayramov və Yuri Kim (Mənbə: Xarici İşlər Nazirliyi)
Ceyhun Bayramov və Yuri Kim (Mənbə: Xarici İşlər Nazirliyi)

Avqustun 9-da Azərbaycan və ABŞ arasında ikitərəfli əməkdaşlıq gündəliyi, Azərbaycanla Ermənistan arasında normallaşma prosesindən irəli gələn məsələlər və bölgədə vəziyyət müzakirə olunub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin nazir Ceyhun Bayramovun ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim ilə telefon danışığı barədə məlumatında deyilir.

Məlumatda deyilir ki, nazir Ceyhun Bayramov Ermənistanın bölgədə “qəsdən vəziyyəti gərginləşdirdiyi, müxtəlif bəhanələrlə, habelə bölgədə “blokada” və “humanitar böhran” kimi iddialar yaymaqla sülh prosesinə maneçilik törətdiyini” bildirib.

“Bununla yanaşı, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialarının, Azərbaycan ərazilərindən hələ də tam olaraq erməni silahlı qüvvələrini çıxarmaqdan imtina etməsinin və ölkəmizin daxili işlərinə qarışmasının qəbuledilməz olduğunu vurğulayıb.

Nazir Ceyhun Bayramov qeyd edib ki, Azərbaycan tərəfindən yüklərin daşınması üçün Ağdam-Xankəndi və digər alternativ yolların təklif olunmasına baxmayaraq, erməni tərəfinin yüklərin daşınması üçün yollarda maneələr yaratmasının və bu yollarla yüklərin daşınmasına qarşı çıxmasının “blokada” və “humanitar vəziyyət” barədə iddiaların siyasi manipulyasiya olduğunu bir daha sübut edib”, xəbərdə qeyd edilir.

BMT-nin İnsan Hüquqları Şurasının bir sıra xüsusi məruzəçiləri və ekspertləri Azərbaycanı Laçın dəhlizinin blokadasını götürməyə və Dağlıq Qarabağda humanitar böhranı dayandırmağa çağırıblar.

BMT ekspertlərinin bəyanatında deyilir ki, son 7 ayda Dağlıq Qarabağı Ermənistanla birləşdirən yeganə yolu əngəlləyən blokada əhalini kəskin ərzaq məhsulları, dərman və gigiyena vasitələri çatışmazlığı ilə üz-üzə qoyub, tibb və təhsil müəssisələrinin fəaliyyətinə təsir göstərib, sakinlər - xüsusilə uşaqlar, əlillər, yaşlılar, hamilə qadınlar və xəstələr - əhəmiyyətli risk altındadır.

“Laçın dəhlizinin blokadası humanitar fövqəladə haldır ki, günəbaxan yağı, balıq, toyuq əti, süd məhsulları, dənli bitkilər, şəkər və körpə süni qarışıqları da daxil olmaqla, əsas qida məhsullarının kəskin çatışmazlığına səbəb olub”, ekspertlər bildirib.

Onlar xəbərdarlıq ediblər ki, bölgədə tibbi ehtiyatlar sürətlə tükənir və yanacaq ehtiyatlarının azalması səbəbindən təcili yardım maşınlarının fəaliyyəti çətinləşir, xəstələrə qayğı göstərməkdə çətinliklər yaranır.

Rəsmi Bakı bəyanatda deyilənləri qəbul etməyərək onların reallığı əks etdirmədiyini bildirib.

İyulun 30-da ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan prezidenti İlham Əliyevlə telefon söhbətində Qarabağda humanitar vəziyyəti müzakirə edib.

“Mən Dağlıq Qarabağda humanitar vəziyyətin pisləşməsi ilə bağlı dərin narahatlığımızı bildirmək üçün Azərbaycan prezidenti Əliyevlə danışdım. Birləşmiş Ştatlar bütün tərəfləri davamlı sülh razılaşmasına nail olmaq üçün dialoqu davam etdirməyə təşviq edir”, Blinken Twitter səhifəsində qeyd edib.

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Luis Bono Cənubi Qafqaza səfəri əsnasında avqustun 2-3-də Azərbaycan və Ermənistan diplomatik rəhbərlikləri ilə görüşlər keçirib.

Avqustun 7-də ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller bildirib ki, ABŞ Azərbaycan və Ermənistanla sülh razılaşması əldə etmək üçün tərəflərlə işləməyə davam edəcək.

“Biz həmin ölkələrlə birbaşa əlaqə saxlamışıq. Xüsusi elçi Luis Bono keçən həftə bölgəyə səfər edib və tərəflərlə birbaşa əlaqə saxlayıb. Hesab edirik ki, bu məsələnin tərəfi olmayan digər ölkələrin hər hansı şərhinə baxmayaraq, sülh razılaşması əldə edilə bilər və buna nail olmaq üçün tərəflərlə işləməyə davam edəcəyik”, o bildirib.

ABŞ dövlət katibi bu ilin mayında və iyununda Birləşmiş Ştatların Virciniya ştatında Arlinqtonda Corc Şultz adına Xarici İşlər Milli Təlim Mərkəzində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında sülh danışıqlarının iki raunduna ev sahibliyi edib.

Blinkenin sözlərinə görə, danışıqlarda gələcək sazişin bəzi maddələri razılaşdırılıb, həmçinin “bəzi həll edilməmiş məsələlər üzrə mövqelərin dərindən başa düşülməsinə” nail olunub.

Forum

XS
SM
MD
LG