Avqustun 1-də ABŞ Dövlət Departamentinin təmsilçisi bildirib ki, Azərbaycan və Ermənistan liderlərinin yekun sülh razılaşmasına nail olması üçün ABŞ onları çətin kompromislərə getməyə inandırmaq məqsədi ilə “əlaqələri davam etdirir”.
“Dəfələrlə qeyd etdiyimiz kimi, sülh sazişinin əldə olunacağına inanırıq. Ona görə də biz Ermənistan və Azərbaycan liderləri ilə tam sülh razılaşmasına nail olmaq üçün onları çətin kompromislərə razı salmaq üçün ən yüksək səviyyədə əlaqə saxlamağa davam edirik”, Dövlət Departamentinin sözçüsü Metyu Miller ənənəvi brifinqdə Turan agentliynin sualının cavabında bildirib.
Millerin bu fikirləri ABŞ-ın Qafqazdakı danışıqlar üzrə baş müşaviri Lui Bononun regiona gözlənilən səfəri məlum olduqdan sonra söyləyib.
Dövlət Departamentinin sözçüsü onun səfərinin təfərrüatları barədə məlumat verməyib.
İyulun 30-da ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan prezidenti İlham Əliyevlə telefon söhbətində Qarabağda humanitar vəziyyəti müzakirə edib.
“Dünən mən Dağlıq Qarabağda humanitar vəziyyətin pisləşməsi ilə bağlı dərin narahatlığımızı bildirmək üçün Azərbaycan prezidenti Əliyevlə danışdım. Birləşmiş Ştatlar bütün tərəfləri davamlı sülh razılaşmasına nail olmaq üçün dialoqu davam etdirməyə təşviq edir”, Blinken iyulun 30-da Twitter səhifəsində qeyd edib.
ABŞ Dövlət Departamentinin açıqladığı məlumata əsasən, Blinken prezident Əliyevlə telefon danışığında Dağlıq Qarabağda humanitar vəziyyətlə bağlı dərin narahatlığını ifadə edib.
Dövlət katibi Blinkenin bütün tərəflərin sülh danışıqlarında müsbət tempi saxlamasının vacibliyini vurğuladığı qeyd edilir.
ABŞ dövlət katibi bu ilin mayında və iyununda Birləşmiş Ştatların Virciniya ştatında Arlinqtonda Corc Şultz adına Xarici İşlər Milli Təlim Mərkəzində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında sülh danışıqlarının iki raunduna ev sahibliyi edib.
Blinkenin sözlərinə görə, danışıqlarda gələcək sazişin bəzi maddələri razılaşdırılıb, həmçinin “bəzi həll edilməmiş məsələlər üzrə mövqelərin dərindən başa düşülməsinə” nail olunub.
Forum