Accessibility links

Beynəlxalq Qırmızı Xaç Komitəsi nümayəndələri Ermənistanda saxlanılan iki Azərbaycan vətəndaşına yenidən baş çəkiblər


Avqustun 7-də Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) nümayəndələri Ermənistanda saxlanılan iki Azərbaycan vətəndaşına yenidən baş çəkiblər.

Bu barədə BQXK-nın Azərbaycan nümayəndəliyindən məlumat yayılıb.

Məlumatda deyilir ki, Azərbaycan vətəndaşlarına telefon və Qızıl Xaç Məktubları vasitəsilə ailələri ilə əlaqə yaratmaq imkanı verilib.

"Mandatına uyğun olaraq BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir, onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır," məlumatda qeyd edilir.

Ermənistanın Sünik rayon məhkəməsi Ermənistanın sərhədini keçən iki azərbaycanlı hərbçidən biri Aqşin Bəbirovu uzun müddətə həbsə məhkum edib.

Ermənistan mediası Ermənistan Baş Prokurorluğunun İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən bildirib ki, məhkəmənin 4 may 2023-cü il tarixli hökmü ilə Aqşin Bəbirov 11 il 6 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.

Azərbaycan hərbçisi dövlət sərhədini qanunsuz olaraq keçməkdə, odlu silah və döyüş sursatını dövlət sərhədindən qanunsuz keçirməkdə təqsirli bilinib.

Məlumatda deyilir ki, ikinci hərbi qulluqçu Hüseyn Axundova 20 il həbs verilib. O, Ermənistanın Zəngəzur mis-molibden zavodunda mühafizəçini öldürməkdə ittiham olunur.

Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bu il aprelin 14-də bildirib ki, Azərbaycan Ordusunun hərbçiləri Aqşin Bəbirov və Hüseyn Axundov Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüb.

Forum

XS
SM
MD
LG