Fransanın Fransanın Avropa və Xarici İşlər Nazirliyi iyulun 27-də yaydığı bəyanatda Azərbaycanın Laçın dəhlizinin blokadasını davam etdirməsindən təəssüfləndiyini bildirib, bunun atəşkəs razılaşmasına zidd olduğunu və danışıqlar prosesini təhlükə altına aldığını qeyd edib.
“Fransa Azərbaycanı üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl etməyə və Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral tarixli qərarından irəli gələn tədbirləri yerinə yetirməyə çağırır. Biz Laçın dəhlizi boyunca hər iki istiqamətdə insanların, malların və yüklərin sərbəst hərəkətinin bərpasını, əhalinin qaz və elektrik enerjisinin fasiləsiz verilməsini tələb edirik”, bəyanatda vurğulanır.
Fransa həmçinin Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrellin Qarabağdakı humanitar vəziyyətə dair verdiyi 26 iyul tarixli bəyanata dəstəyini ifadə edib, Avropa İttifaqı ilə yanaşı regionda ədalətli və davamlı sülhün təşviqinə tam sadiq olduğunu bildirib.
Azərbaycan Xarici İşlər Nazirliyi cavab olaraq Fransanın Azərbaycanın Laçın yolunu blokadada saxladığı barədə iddiasını qətiyyətlə rədd etdiyini bildirib, Azərbaycanın Laçın sərhəd buraxılış məntəqəsi təsis etməsini öhdəliklərə zidd olaraq qiymətləndirməsinin qəbuledilməz olduğunu deyib.
“Beynəlxalq Ədalət Məhkəməsinin qərarına istinad edən Fransa tərəfi unudub ki, məhkəmə məhz 6 iyul tarixi qərarı ilə Laçın sərhəd buraxılış məntəqəsinin tam legitim olduğunu təsdiq edib, bu məntəqəni aradan qaldırmaq və sərhədçiləri geri çəkmək barədə Ermənistanın müraciətləri yekdilliklə rədd olunub. Azərbaycan tərəfinin sərhəddə nəzarət və şəffaflıq tətbiq etməklə, Laçın yolundan qeyri-qanuni məqsədlərlə istifadənin qarşısının alınması, yoldan sui-istifadə hallarına yol verilməməsi öhdəliyi və salahiyyəti mövcuddur”, Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.
Rəsmi Bakı təxribatlara baxmayaraq, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) vasitəsilə erməni sakinlərin Laçın sərhəd buraxılış məntəqəsindən keçidinə şərait yaradıldığını və yalnız bir gün ərzində, 27 iyul tarixində 34 nəfər şəxsin 7 nəqliyyat vasitəsilə keçidinin təmin olunduğunu vurğulayıb.
“Böyük həcmdə yüklərin əraziyə daşınması üçün isə “Ağdam-Xankəndi” daxil olmaqla, alternativ yollar təklif edilsə də, Azərbaycanın suveren ərazisində bu qərarına uzun müddət ərzində nümayiş etdirilən hörmətsizlik humanitar vəziyyət ilə bağlı səslənən iddiaların yalnız spekulyasiya olduğunu göstərir. Bütün bu məsələlər kontekstində, Fransa tərəfinin yenə də Ermənistan təxribatlarına qarşı susqunluq sərgiləməsi və qərəzli şəkildə Azərbaycana qarşı çağırışlar etməsi Fransa tərəfindən həyata keçirilən siyasətin yanlış olduğunu nümayiş etdirir”, Nazirliyin məlumatında qeyd edilib.
Azərbaycan aprelin 23-də Ermənistanla sərhəddə “Laçın” sərhəd buraxılış məntəqəsini qurub. İyunun 15-də Ermənistan tərəfdən keçid məntəqəsi atəşə tutulub, Azərbaycanın bir sərhədçisi yaralanıb. Sərhəd buraxılış məntəqəsi bir müddət bağlanıb.
İyunun 24-də Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Draqana Kojiçin ilə görüşündə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Xankəndinin erməni sakinlərinə yardımları çatdırmaq üçün Ağdam-Xankəndi yolundan istifadə etməyi təklif edib. İyunun 26-da sərhəd buraxılış məntəqəsi yenidən açılıb.
Azərbaycan iyulun 11-də qaçaqmalın keçirilməsi cəhdlərinin aşkarlanması səbəbiylə Laçın sərhəd buraxılış məntəqəsindən keçidin müvəqqəti olaraq dayandırılması barədə məlumat yayıb. İyulun 14-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BQXK-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Draqana Kojiçlə görüşdə bir daha bildirib ki, zəruri qaydalara riayət etməklə BQXK vasitəsilə erməni sakinlərin tibbi məqsədlər üçün sərhəd məntəqəsindən keçidinin davam etməsi mümkündür. Erməni sakinlərin tədarük ehtiyaclarına gəldikdə nazir Bayramov, Azərbaycan tərəfinin “Ağdam-Xankəndi” yolundan istifadə etməklə yardım göstərmək imkanının mövcud olduğunu bir daha xatırladıb.
Bundan sonra Qarabağda yaşayan erməni icmasının bir qrup üzvü Ağdamdan Xankəndinə gedən avtomobil yolunun Əsgəran rayonu ərazisindən keçən hissəsinə beton bloklar düzərək yolu bağlayıb və Azərbaycandan gələcək humanitar yükləri qəbul etməyəcəklərini bildirib.