Accessibility links

Vedant Patel: ABŞ Cənubi Qafqaz regionunda firavan gələcəyin təşviqinə sadiq qalır


Vedant Patel, ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini
Vedant Patel, ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini

“Biz Cənubi Qafqaz regionu üçün dinc və firavan gələcəyin təşviqinə sadiq qalırıq”.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel avqustun 16-da ənənəvi birifinqdə Turan Agentliyinin sualının cavabında bildirib.

O qeyd edib ki, ABŞ bu məsələdə də müttəfiqlər və tərəfdaşlarla birlikdə bölgədə fəal iştirak etməyə davam edəcək.

Vedant Patel “Laçın dəhlizi” istiqamətində gedən proseslərə də yenidən toxunub.

“Mən dünən bu barədə bir az danışdım və biz Laçın dəhlizinin kommersiya, humanitar və özəl avtomobillər üçün davamlı bağlanmasından dərin narahatlığımızı davam etdiririk”, o qeyd edib.

ABŞ Dövlət katibi Antoni Blinken bu ilin mayında və iyununda Birləşmiş Ştatların Virciniya ştatında Arlinqtonda Corc Şultz adına Xarici İşlər Milli Təlim Mərkəzində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında sülh danışıqlarının iki raunduna ev sahibliyi edib.

Blinkenin sözlərinə görə, danışıqlarda gələcək sazişin bəzi maddələri razılaşdırılıb, həmçinin “bəzi həll edilməmiş məsələlər üzrə mövqelərin dərindən başa düşülməsinə” nail olunub.

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Luis Bono Cənubi Qafqaza səfəri əsnasında avqustun 2-3-də Azərbaycan və Ermənistan diplomatik rəhbərlikləri ilə görüşlər keçirib.

Avqustun 7-də ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller bildirib ki, ABŞ Azərbaycan və Ermənistanla sülh razılaşması əldə etmək üçün tərəflərlə işləməyə davam edəcək.

Forum

XS
SM
MD
LG