Accessibility links

Fransa Prezidenti Azərbaycan və Ermənistan liderləri ilə regiondakı durumu müzakirə edib


İlham Əliyev, Emmanuel Makron, Nikol Paşinyan
İlham Əliyev, Emmanuel Makron, Nikol Paşinyan

Avqustun 29-da Fransa Prezidenti Emmanuel Makronun Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla telefon danışığı olub.

Azərbaycan Prezidentinin mətbuat xidmətinin məlumatına görə, telefon danışığı əsnasında regiondakı vəziyyət, Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının açılması məsələsi müzakirə olunub.

Azərbaycan Prezidenti bildirib ki, Ağdam-Xankəndi yolunun istifadəsinə məqsədyönlü şəkildə “Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı və dəstəklədiyi qondarma rejim tərəfindən süni əngəllər yaradılır və bundan siyasi manipulyasiya məqsədilə” istifadə edilir.

“Ermənistan və qondarma rejim Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə Ağdam-Xankəndi yolu ilə yüklərin daşınması barədə əldə olunmuş ilkin razılaşmadan imtina edib. Həmçinin Ermənistan rəhbərliyi Azərbaycan tərəfi ilə razılaşdırmadan dövlət sərhədi istiqamətində humanitar təyinatlı olduğunu iddia etdiyi yüklər gətirib ki, burada məqsəd siyasi möhtəkirlikdir”, Əliyev qeyd edib.

Azərbaycan Prezidenti Azərbaycanın Qarabağın erməni əhalisinin təmsilçilərinin reinteqrasiya məsələlərini müzakirə etmək üçün paytaxt Bakıya və Azərbaycanın digər şəhərlərinə dəvət etdiyini, ancaq onların “bundan da imtina etdiklərini və məqsədyönlü şəkildə vəziyyətin guya humanitar gərginlik xarakteri daşıdığını təqdim etməyə çalışdıqlarını” bildirib.

Prezident Emmanuel Makron vəziyyətin sabitləşdirilməsi və mövcud gərginliyin aradan qaldırılması üçün Fransanın da öz tərəfindən töhfə verməyə hazır olduğunu bildirib, Fransanın və Azərbaycanın aidiyyəti qurumlarının təmaslarının davam etdirilməsini təklif edib.

Ermənistan Baş nazirinin ofisinin məlumatında deyilir ki, telefon danışığı zamanı regiondakı mövcud vəziyyətə toxunulub.

“Baş nazir Nikol Paşinyan Azərbaycanın Laçın dəhlizinin qeyri-qanuni şəkildə bağlanması nəticəsində Dağlıq Qarabağda humanitar böhranın hər gün daha da dərinləşdiyini, onun aradan qaldırılması və həlli istiqamətində addımların atılmasının vacibliyini vurğulayıb. Həmsöhbətlər regionda sabitliyin və sülhün təmin edilməsi üçün ardıcıl səylərin vacibliyini vurğulayıblar”, məlumatda qeyd edilir.

Azərbaycan Ermənistanla sərhəddə bu ilin aprelində “Laçın” sərhəd buraxılış məntəqəsi qurub. Rəsmi Bakı bildirir ki, keçid məntəqəsində yerli erməni əhalinin və yüklərin Beynəlxalq Qızıl Xaç Komitəsi və ya Rusiya sülhməramlılarının müşayiətilə keçidinə şərait yaradılıb. İyun ayının 15-də baş verən silahlı insident, daha sonra iyulun 11-də Beynəlxalq Qızıl Xaç Komitəsinin yük avtomobillərində qaçaqmalın keçirilməsi cəhdlərinin aşkarlanması səbəbiylə məntəqədən keçid müvəqqəti dayandırılıb.

Bundan sonra Azərbaycan tərəfi Laçın yolu ilə tibbi təxliyələrin davam etdirilə biləcəyini bildirib, humanitar yardımların isə Ağdam-Xankəndi yolu vasitəsilə çatdırılmasını təklif edib.

Buna cavab olaraq Qarabağda yaşayan erməni icmasının bir qrup üzvü Ağdamdan Xankəndinə gedən avtomobil yolunun Əsgəran rayonu ərazisindən keçən hissəsinə beton bloklar düzərək yolu bağlayıb və Azərbaycandan gələcək humanitar yükləri qəbul etməyəcəklərini bildirib.

Ermənistan hökuməti 26 iyulda Qarabağdakı erməni əhaliyə humanitar yardım məqsədi ilə yük avtomobilləri göndərib. Azərbaycan tərəfi isə öz ərazilərinə icazəsiz yük avtomobillərinin göndərilməsini təxribat adlandırıb və yük avtomobillərini buraxmayıb.

Avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağdakı erməni sakinlərə Ağdam-Xankəndi marşrutu ilə 40 ton həcmində humanitar yardım göndərib.

Bu zaman özünü “Dağlıq Qarabağ prezidentinin” mətbuat katibi kimi təqdim edən Lusina Avanesyan bildirib ki, Ağdam-Xankəndi yolu ilə Azərbaycanın yardımının çatdırılması barədə “Qarabağ tərəfi” ilə heç bir razılaşma yoxdur.

Ermənistan mediasının məlumatına görə, avqustun 29-da Qarabağın bir qrup erməni sakinləri Ağdam-Xankəndi yolunun Əsgəran rayonu ərazisindəki hissəsinə yığılaraq Azərbaycanın humanitar yardımının Xankəndinə çatdırılmasına imkan verməyəcəklərini bildirir. Rusiya sülhməramlıları hazırda tərəflərlə danışıqlar aparır.

BQXK 18 avqustda yaydığı məlumata görə, Qarabağdakı erməni əhaliyə tibbi ləvazimatların ən son tədarükünün iyulun 7-də, ən son qida tədarükünün isə iyunun 14-də baş tutduğunu bildirib və humanitar yardımların çatdırılmasını bərpa etmək üçün tərəfləri razılığa gəlməyə çağırıb.

Yaranmış vəziyyətlə bağlı son günlərdə bir sıra ölkələr və beynəlxalq təşkilatlar bəyanat yayaraq narahatlıq ifadə ediblər.

Forum

XS
SM
MD
LG