Fransa prezidenti Emmanuel Makron avqustun 28-i səfirlər konfransındakı çıxışında Azərbaycan-Ermənistan münaqişəsinə və Qarabağdakı vəziyyətə toxunub, bu həftə baş nazir Nikol Paşinyan və prezident İlham Əliyevlə danışacağını bildirib.
Parisdə fransalı diplomatların ənənəvi illik toplantısındakı çıxışında Makron Qafqaz məsələsi məşğul olmağa davam edəcəklərini, Qarabağda humanitar vəziyyətin narahatedici olduğunu qeyd edib.
“Bu mövzu ətrafında bu həftə baş nazir Paşinyan və prezident Əliyevlə mübadilə etmək imkanım olacaq. Biz Laçın humanitar dəhlizinə tam hörmət tələb edəcəyik və bu istiqamətdə təzyiqi artırmaq üçün beynəlxalq səviyyədə yenidən diplomatik təşəbbüs göstərəcəyik. Heç nə Dağlıq Qarabağ əhalisinin bugün yaşadığı humanitar vəziyyətə haqq qazandıra bilməz”, Makron vurğulayıb.
Fransa prezidenti Azərbaycan və Ermənistan arasındakı sülh müqaviləsi müzakirələri, o cümlədən digər məsələlərin həlli üçün fəaliyyəti davam etdirəcəklərini bildirib. “Məhz bizim müdaxiləmiz Praqa sammitindən sonra Avropa İttifaqı missiyasının yaradılmasına imkan verdi və hər iki tərəf 1991-ci il sərhədlərinin tanınması ilə bağlı ilk dəfə birgə sənəd imzaladı”, Makron əlavə edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə Emmanuel Makronun səsləndirdiyi fikirlərin qərəzli olduğunu və sülh prosesinə xələl gətirdiyini qeyd edib.
Fransa Prezidentinin “Laçın humanitar dəhlizi” kimi ifadələrə yer verməsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizlik kimi qiymətləndirən Hacızadə, Laçın yolundan və sərhəd buraxılış məntəqəsindən gün ərzində onlarla erməni sakinin keçdiyini, Azərbaycan tərəfindən erməni sakinlərə yüklərin daşınması üçün “Ağdam-Xankəndi” və digər alternativ yolların ayrıldığını deyib.
“Bütün bu səylərə baxmayaraq, bu yollardan istifadənin Ermənistan və özlərini erməni sakinlərin nümayəndələri kimi təqdim edən şəxslər tərəfindən siyasiləşdirilməsi Fransa tərəfinə yaxşı məlumdur. Bu istiqamətdə cari ilin avqust ayının əvvəlində əldə olunmuş razılıqların icrasını təşviq etmək əvəzinə erməni tərəfinin təhrikçi addımlarına dəstək verən fikirlərə çıxış zamanı yer verilməsi prosesə birbaşa maneçilik törədən amillərdəndir,” Azərbaycan XİN-in məlumatında qeyd edilib.
Forum