Accessibility links

Azərbaycan Ağdam-Xankəndi yolu ilə humanitar yardım göndərməyə çalışır


Azərbaycan Qarabağda yaşayan erməni sakinlərə humanitar yardım göndərib (Mənbə: Azərbaycan Qızıl Aypara Cəmiyyəti)
Azərbaycan Qarabağda yaşayan erməni sakinlərə humanitar yardım göndərib (Mənbə: Azərbaycan Qızıl Aypara Cəmiyyəti)

Avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağdakı erməni sakinlərə Ağdam-Xankəndi marşrutu ilə 40 ton həcmində humanitar yardımın yola düşdüyünü bildirib. Cəmiyyət öz açıqlamasında ümid etdiyini bildirib ki, humanitar yardımlar zamanında, problemsiz olaraq ünvana çatdırılacaq.

“Maşın karvanı “Qızıl Xaç və Qızıl Aypara Emblemlərindən istifadə və onların müdafiəsi haqqında” Azərbaycan Qanununa müvafiq olaraq Qızıl Aypara bayraqlarının və emblemlərinin müşayiəti ilə hərəkət edəcək,” açıqlamada deyilir.

Məlumatda deyilir ki, 2023-cü il avqustun 21-də Azərbaycan Qızıl Aypara Cəmiyyəti İdarəetmə Şurasının qərarı ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” Qanuna, Cenevrə Konvensiyalarına və Sevilya razılaşmasına uyğun olaraq, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərə humanitar yardım göstərməyə hazır olması barədə bəyanat verib.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan deyib ki, humanitar yardım karvanında ilkin mərhələ üçün 40 ton un məmulatları var.

“Qızıl Aypara Cəmiyyətinin rəhbər işçiləri, o cümlədən könüllülərimiz Ağdam-Xankəndi yoluna doğru irəliləyəcək”, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti qeyd edib.

Özünü “Dağlıq Qarabağ prezidentinin” mətbuat katibi kimi təqdim edən Lusina Avanesyan cərəyan edənlərə münasibət bildirib.

“Əgər Azərbaycan həqiqətən də humanitar böhrana və “Dağlıq Qarabağ xalqının soyqırımına” son qoymaqda maraqlıdırsa, o zaman o, sadəcə olaraq Laçın dəhlizi ilə tədarükün bərpasını qadağan etməməlidir,” Lusine Avanesyan bildirib.

Onun sözlərinə görə, Ağdam-Xankəndi yolu ilə Azərbaycanın yardımının çatdırılması barədə “Qarabağ tərəfi” ilə heç bir razılaşma yoxdur.

“Ona görə də bu addım mövcud problemlərin həllinə yox, dərinləşməsinə yönəlib. Kaşatağ (Laçın) dəhlizində qurulmuş rejimin bərpası məsələsi prioritet məsələ olub və qalır. Azərbaycan tərəfi ilə istənilən dialoq ilk növbədə bu məsələ ilə bağlı aparılmalıdır”, o qeyd edib.

Azərbaycan Ermənistanla sərhəddə bu ilin aprelində “Laçın” sərhəd buraxılış məntəqəsi qurub. Rəsmi Bakı bildirir ki, keçid məntəqəsində yerli erməni əhalinin və yüklərin Beynəlxalq Qızıl Xaç Komitəsi və ya Rusiya sülhməramlılarının müşayiətilə keçidinə şərait yaradılıb. İyun ayının 15-də baş verən silahlı insident, daha sonra iyulun 11-də Beynəlxalq Qızıl Xaç Komitəsinin yük avtomobillərində qaçaqmalın keçirilməsi cəhdlərinin aşkarlanması səbəbiylə məntəqədən keçid müvəqqəti dayandırılıb.

Bundan sonra Azərbaycan tərəfi Laçın yolu ilə tibbi təxliyələrin davam etdirilə biləcəyini bildirib, humanitar yardımların isə Ağdam-Xankəndi yolu vasitəsilə çatdırılmasını təklif edib.

Buna cavab olaraq Qarabağda yaşayan erməni icmasının bir qrup üzvü Ağdamdan Xankəndinə gedən avtomobil yolunun Əsgəran rayonu ərazisindən keçən hissəsinə beton bloklar düzərək yolu bağlayıb və Azərbaycandan gələcək humanitar yükləri qəbul etməyəcəklərini bildirib.

Ermənistan hökuməti 26 iyulda Qarabağdakı erməni əhaliyə humanitar yardım məqsədi ilə yük avtomobilləri göndərib. Azərbaycan tərəfi isə öz ərazilərinə icazəsiz yük avtomobillərinin göndərilməsini təxribat adlandırıb və yük avtomobillərini buraxmayıb.

BQXK 18 avqustda yaydığı məlumata görə, Qarabağdakı erməni əhaliyə tibbi ləvazimatların ən son tədarükünün iyulun 7-də, ən son qida tədarükünün isə iyunun 14-də baş tutduğunu bildirib və humanitar yardımların çatdırılmasını bərpa etmək üçün tərəfləri razılığa gəlməyə çağırıb.

Yaranmış vəziyyətlə bağlı son günlərdə bir sıra ölkələr və beynəlxalq təşkilatlar bəyanat yayaraq narahatlıq ifadə ediblər.

Forum

XS
SM
MD
LG