Accessibility links

Ağdam-Xankəndi yoluna xarici diplomatlar gəlib


Hikmət Hacıyev xarici diplomatlarla Ağdam-Əsgəran-Xankəndi avtomobil yolunda
Hikmət Hacıyev xarici diplomatlarla Ağdam-Əsgəran-Xankəndi avtomobil yolunda

Avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli sakinlərin ehtiyaclarını qarşılamaq üçün ərzaq yükü təşkil edib. Qızıl Aypara Cəmiyyəti ilkin mərhələdə Ağdam-Xankəndi yolu ilə 40 ton un məmulatının ünvana çatdırılmasının nəzərdə tutulduğunu bəyan edib.

Bununla yanaşı, yüklərin erməni sakinlərə çatdırlmasında problemlər yaşanır. Belə ki, yolun ermənilər yaşayan hissəsində bir qrup insan toplaşaraq Azərbaycanın humanitar yardımını qəbul etməyəcəklərini bildirir.

Hazırda Ermənistandan Xankəndinə gələn Laçın yolundakı sərhəddə Ermənistandan və Fransadan gətirilən humanitar yardım olan avtomobillər də dayanıb.

Beləliklə, Qarabağın ermənilər yaşayan hissəsi ətrafında gərginlik davam edir.

Avqustun 31-də Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akreditə olunmuş çoxsaylı diplomat Azərbaycan Qızıl Aypara Cəmiyyətinin humanitar yardımları olan avtomobillərin dayandığı Ağdam-Əsgəran-Xankəndi avtomobil yoluna gedib.

Hikmət Hacıyev bildirib ki, 50-dən çox ölkə və beynəlxalq təşkilatdan olan diplomatik nümayəndələr, hərbi attaşelər Azərbaycanın dəvəti ilə Ağdam-Əsgəran-Xankəndi yoluna gəlib.

Yerli medianın məlumatına görə, 60-a yaxın şəxs, o cümlədən Türkiyə, Çin, Rusiya, Yaponiya, İsveçrə, Polşa, Çexiya, Bolqarıstan, Rumıniya, Serbiya, Argentina, Kolumbiya, Meksika, Cənubi Koreya, İndoneziya, İsrail, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, Qətər, İraq, İran, Əfqanıstan, Liviya, Fələstin, Ukrayna, Qazaxıstan, Özbəkistan, Belarus, Gürcüstan, Tacikistan və digər ölkələr, BMT, Ümumdünya Səhiyyə Təşkilatı, TÜRKPA və s. təşkilatların təmsilçiləri, habelə bir sıra xarici jurnalistlər regiondakı durumu izləyib.

Media mənsubları qarşısında çıxış edən Hacıyev Ağdam-Xankəndi yolunun böyük ötürücülük qabiliyyəytini və onun səmərəliliyini vurğulayıb. Eyni zamanda o, yolun açılmamasına səbəb olaraq Ermənistan və Qarabağ ermənilərinin rəhbərliynin "siyasi manipulyasiyalarını" göstərib.

"Azərbaycan dəfələrlə bəyan edib ki, Ağdam-Xankəndi yolu fəaliyyətdədir və bu yol vasitəsi ilə istənilən yüklərin çox qısa müddətdə Xankədinə və ətraf ərazilərə çatdırlması təmin oluna bilər. Bu yoldan imtina edilməsini biz yalnız rasizm və diskriminasiya kimi qiymətləndirə bilərik. Yoldan bu formada imtina yalnız və yalnız rasizmdir” , o qeyd edib.

Prezidentin köməkçisi bildirib ki, Azərbaycan yolları açaraq reinteqrasiya prosesinə başlamaq niyyətindədir.

Onun sözlərinə görə, Azərbaycanın humanitar yardımının erməni sakinlərə çatdırılması məqsədi ilə avqustun 30-da Rusiya sülhməramlıları ilə Azərbaycan tərəfi arasında təmaslar aparılıb.

“Bu yüklərin Rusiya sülhməramlılarının yük maşınlarına daşınaraq onların vasitəsilə aparılması məsələsi də müzakirə mövzusu olub. Amma dünən KİV-lərdə gedən məlumatlar və sosial media şəbəkələrində yayılan videolar da göstərdi ki, bəzi təşkil olunmuş aksiyalar vasitəsilə buna da mane olmağa cəhd göstərirlər. Bu yüklərin bura çatdırılması bir daha Azərbaycanın niyyətinin göstəricisidir. Amma yüklərin qəbul edilməməsi və bundan imtina edilməsinə görə məsuliyyət tam şəkildə qondarma rejimin üzərinə düşür və bu eyni zamanda Ermənistan tərəfinin üzərinə düşür ki, onlar da bu manipulyativ prosesdə öz müəyyən funksiyalarını, rollarını oynamaqda davam edirlər”, o qeyd edib.

Prezidentin köməkçisinin sözlərinə görə, beynəlxalq ictimaiyyətin nümayəndələri də, Azərbaycanda akreditasiya olunmuş diplomatik korpus nümayəndələri də öz gözləri ilə bir daha görürlər ki, burada "yalançı təbliğat siyasəti" aparılır.

“Təəssüflər olsun ki, bəzi Qərb medialarında da yalan faktlar verilir, mövcud vəziyyətə başqa bir don geyindirmək cəhdləri edilir. Bu prosesdə bəzi korrupsioner Qərb siyasətçiləri öz rollarını oynamaqdadırlar və onlar tərəfindən separatizmə dəstək verilməsi, separatistlərin də yaxşı və pis separatistlərə bölünməsi tendensiyalarını da biz görürük ki, bunlar qəbuledilməzdir”, Hacıyev deyib.

Bu arada Laçın-Xankəndi yolunun girəcəyində Ermənistandan Qarabağa yönəlik yük avtomobilləri dayanmaqda davam edirlər. Laçındakı sərhəd keçid məntəqəsində keşik çəkən Azərbaycan sərhədləri həmin maşınların sərhəddən keçməsinə icazə verməyiblər. Maşın karvanına bu günlərdə Fransa rəsmilərinin müşayiəti ilə əraziyə gəlmiş fransız yük maşınları da daxildir.

Avqustun 31-də Ermənistanın Baş nazir Nikol Paşinyan Paris meri Ann İdalqo ilə işgüzar nahar zamanı deyib ki, Fransanın bir sıra regionlarının Dağlıq Qarabağ əhalisinə humanitar yardım göstərmək təşəbbüsünü yüksək qiymətləndirir və təşəkkür edir.

“Yüklərin daşınmasının qarşısının alınması Azərbaycanın Qarabağda humanitar böhranı bir daha dərinləşdirməyə yönəlmiş siyasətinə dəlalət edir”, o qeyd edib.

Azərbaycan bu ilin aprel ayında Ermənistanla sərhəddə “Laçın” sərhəd buraxılış məntəqəsi qurub. Rəsmi Bakı keçid məntəqəsində yerli erməni əhalinin və yüklərin Beynəlxalq Qızıl Xaç Komitəsi və ya Rusiya sülhməramlılarının müşayiətilə keçidinə şərait yaradıldığını qeyd edib.

İyun ayının 15-də baş verən silahlı insident, daha sonra iyulun 11-də Beynəlxalq Qızıl Xaç Komitəsinin yük avtomobillərində qaçaqmalın keçirilməsi cəhdlərinin aşkarlanması səbəbiylə məntəqədən keçid müvəqqəti dayandırılıb.

Bundan sonra Azərbaycan tərəfi Laçın yolu ilə tibbi təxliyələrin davam etdirilə biləcəyini bildirib, humanitar yardımların isə Ağdam-Xankəndi yolu vasitəsilə çatdırılmasını təklif edib.

Buna cavab olaraq Qarabağda yaşayan erməni icmasının bir qrup üzvü Ağdamdan Xankəndinə gedən avtomobil yolunun Əsgəran rayonu ərazisindən keçən hissəsinə beton bloklar düzərək yolu bağlayıb və Azərbaycandan gələcək humanitar yükləri qəbul etməyəcəklərini bildirib.

Ermənistan hökuməti 26 iyulda Qarabağdakı erməni əhaliyə humanitar yardım məqsədi ilə yük avtomobilləri göndərib.

Fransa isə Paris meri Ann İdalqonun rəhbərliyi ilə avqustun 30-da 10 yük avtomobili ilə humanitar yük göndərib. Azərbaycan tərəfi öz ərazilərinə icazəsiz yük avtomobillərinin göndərilməsini “təxribat” adlandırıb və yük avtomobillərini ərazisinə buraxmır.

Beynəlxalq Qızıl Xaç Komitəsinin 18 avqustda yaydığı məlumata görə, Qarabağdakı erməni əhaliyə tibbi ləvazimatların ən son tədarükünün iyulun 7-də, ən son qida tədarükünün isə iyunun 14-də baş tutduğunu bildirib və humanitar yardımların çatdırılmasını bərpa etmək üçün tərəfləri razılığa gəlməyə çağırıb.

Yaranmış vəziyyətlə bağlı son günlərdə bir sıra ölkə və beynəlxalq təşkilatlar bəyanat yayaraq narahatlıq ifadə ediblər.

Forum

XS
SM
MD
LG