30 avqust dünyada silahlı münaqişə, zorakılıq, miqrasiya və təbii fəlakətlər nəticəsində itkin düşmüş yüz minlərlə şəxsin anıldığı Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü kimi qeyd olunur.
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakı nümayəndəliyinin məlumatında deyilir ki, Azərbaycanda itkin düşmüş şəxslərin ailələrinin yanındadırlar və əzizlərini onlarla birlikdə yad edirlər.
“Münaqişə ilə bağlı Azərbaycanda hələ də 3800-dən çox itkin düşmüş insan var. Onların on minlərlə ailə üzvləri isə doğmalarının taleyini bilməməyin ağrısı ilə yaşayır. On illər ərzində daimi qeyri-müəyyənlik içində yaşamağın ailələrə gətirmiş olduğu emosional yorğunluğu sözlərlə təsvir etmək mümkün deyil. Biz, səlahiyyətli dövlət qurumlarının itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması, onların ailə üzvlərinə cavab verilməsi istiqamətindəki işlərini dəstəkləmək üçün əlimizdən gələni əsirgəmirik”, BQXK-nin Bakı nümayəndəliyinin məlumatında deyilir.
Nümayəndəlik bildirir ki, fəaliyyət göstərdikləri illər ərzində itkin düşmüş şəxslərin ailə üzvlərindən təqribən 11000-ə yaxın bioloji istinad nümunəsi toplayaraq Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına təhvil veriblər.
“2008-2012-ci illər ərzində Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birgə itkin düşmüş şəxslər haqqında onların ailə üzvlərindən ətraflı məlumat toplayaraq Dövlət Komissiyası ilə bölüşmüşük. Həmçinin, biz ehtimal edilən məzarlıqlar haqqında məlumatları əlaqədar qurumlarla bölüşmüşük və 3 rayonda aparılmış ekshumasiya layihələrinə texniki tövsiyələrimizi verməklə və müxtəlif ləvazimatları ianə etməklə dəstək göstərmişik”, BQXK-i bildirir.
Nümayəndəlik qeyd edir ki, itkin ailələrinə psixososial dəstəyin göstərilməsi üçün müxtəlif layihələr həyata keçirilib.
“Bu layihələrdən biri də onların arasında seçilmiş və müvafiq təlimlərə cəlb edilmiş sirdaşlar şəbəkəsinin formalaşdırılması olub. Seçilmiş sirdaşlar onlarla bir taleyi paylaşan itkin ailələrinə psixososial dəstək göstərmək üçün lazımi bilik və bacarıqlara yiyələniblər. BQXK neytral, qərəzsiz və müstəqil humanitar təşkilat olub, başlıca məqsədi silahlı münaqişələr və digər zorakılıq hallarından əziyyət çəkən şəxslərin həyat və ləyaqətini qorumaqdan ibarətdir”, məlumatda qeyd edilir.
Azərbaycanın əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, Birinci Qarabağ Müharibəsi (1991-1994-cü illər) zamanı 3890 Azərbaycan vətəndaşı itkin düşüb, 1480 vətəndaş isə əsirlikdən azad edilib, 44 günlük Vətən Müharibəsi (2020-ci il 27 sentyabr-10 noyabr) zamanı isə 6 vətəndaş itkin düşüb, 24 vətəndaş əsirlikdən azad edilib.
Forum