Accessibility links

Bakı limanı ilə Çinin Qinqdao limanı arasında memorandum imzalanıb


Bakı limanı (Rəsmi foto)
Bakı limanı (Rəsmi foto)

Aprelin 17-də Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” (Bakı limanı) QSC ilə Çinin ən böyük limanlarından olan Qinqdao Limanı arasında anlaşma memorandumu imzalanıb.

Bakı limanının Mətbuat xidmətinin məlumatına görə, memorandumun əsas məqsədi Azərbaycandan keçən “Orta Dəhliz” vasitəsi ilə daha böyük həcmdə tranzit yük axınını cəlb etmək, adı çəkilən limanlar arasında qarşılıqlı faydalı əməkdaşlığı formalaşdırmaq və inkişaf etdirməkdir.

“Bakı limanı və Qinqdao limanı ilə imzalanan memorandumun şərtlərinə əsasən tərəflər liman işinin təşkili və biznes tərəfdaşları ilə əlaqələr sahəsində müasir həllərdən istifadə edərək, ən yaxşı təcrübə, rəqəmsal həllər, davamlılıq və texnologiyaların tətbiqi sahəsində əməkdaşlıq edəcəklər. Eyni zamanda limanlar arasında müasir bilik və bacarıqların öyrənilməsi məqsədi ilə qarşılıqlı səfərlər və təcrübə mübadilələrinin həyata keçirilməsi nəzərdə tutulur. Anlaşma memorandumuna görə həm də Qinqdao Limanından Yaponiya və Cənubi Koreyadan gələn yüklərin “Orta Dəhliz” vasitəsi ilə Azərbaycandan daşınması mümkün olacaq,” məlumatda qeyd edilir.

Mətbuat xidməti bildirib ki, Şandonq Port Qrupun İdarə Heyətinin Sədri və Baş Direktoru Li Fenqli aprelin 16-dan 18-dək Azərbaycanda işgüzar səfərdədir. Səfərin məqsədi Şandonq Port Qrupu ilə Azərbaycanın bir sıra dövlət orqanları və qurumları, o cümlədən Bakı Limanı arasında əməkdaşlığı inkişaf etdirmək, mövcud olan biznes və ticarət imkanlarının daha da genişləndirilməsi barədə müzakirələr aparmaqdır.

İmzalanma mərasmindən sonra tərəflər Ələtdə yerləşən Bakı Limanının Çinin Qinqdau Limanı ilə qardaşlaşmış limanlar memorandamunn imzalanması münasibəti ilə inşa edilən abidənin açılış mərasimində iştirak edib.

Şandonq Port Qrupuna daxil Qinqdao limanı Çinin ilk tam avtomatlaşmış konteyner terminalını inşa edib ki, burada bütün yükaşırma insan müdaxiləsi olmadan həyata keçirilir. Yükaşırmada tətbiq olunan süni intellekt və 5G texnologiyaları vasitəsi ilə liman 2022-ci ildə 26 milyon TEU (1 ədəd 20-lik konteynerin 27 tonadək yük götürməsidir-red) konteyner aşırıb. Yükaşırmasına görə Qinqdao limanı Çinin 3-cü ən böyük limanıdır.

Çin, Mərkəzi Asiya və Avropaya yük nəqlində əhəmiyyətli paya sahib olan bu limanlar qrupu 2022-ci ildə dünya üzrə rekord həcmdə, illik 1,6 milyard tondan çox yük aşırıb. Üstəlik bu limanlar qrupu ötən il TEU ekvivalentində 37 milyondan çox konteyner aşırarıq dünya üzrə ən çox konteyner aşıran 3-cü liman olub.

Orta dəhliz - Çindən Türkiyəyə və eləcə də Avropa ölkələrinə və əks istiqamətdə yük daşımalarını nəzərdə tutur.

Rusiya-Ukrayna müharibəsi başalayandan sonra Azərbaycandan keçən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinə maraq artıb. Bu dəhliz vasitəsi yükdaşımaların həcmi sürətlə artmaqdadır.

Belə ki, TRACECA (Transport Corridor Europe-Caucasus-Asia) Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi Müstəqil Dövlətlər Birliyinə göstərilən texniki yardım (TASİS) çərçivəsində xüsusi bir layihədir. O, Avropa İttifaqının dəstəyi ilə həyata keçirilir. Layihə 1993-cü ilin mayında Brüsseldə keçirilən konfransda 8 ölkənin (5 Mərkəzi Asiya, Qazaxıstan və 3 Qafqaz respublikası) iştirakı ilə qəbul edilib.

TRACECA, həmçinin maraqları bir araya gətirmək, qarşılıqlı və faydalı əməkdaşlığın qurulmasının optimal yollarını tapmaq, o cümlədən Avropa, Qara dəniz, Qafqaz, Xəzər dənizi və Asiya regionlarında iqtisadi əlaqələri, ticarət və nəqliyyat kommunikasiyalarını inkişaf etdirmək üçün sabit platformadır.

Mövzuya uyğun

XS
SM
MD
LG