Accessibility links

Azərbaycan, Türkiyə və Gürcüstan Orta Dəhlizin potensialını genişləndirmək məsələlərini müzakirə edib


Azərbaycan, Türkiyə və Gürcüstanın nəqliyyat sahəsi üzrə məsul nazirləri (Foto Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinindir)
Azərbaycan, Türkiyə və Gürcüstanın nəqliyyat sahəsi üzrə məsul nazirləri (Foto Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinindir)

Avqustun 23-də Tbilisi şəhərində Azərbaycan, Türkiyə və Gürcüstanın nəqliyyat sahəsi üzrə məsul nazirləri Orta dəhliz məsələlərini müzakirə edib.

Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatında deyilir ki, görüş çərçivəsində Orta Dəhlizin potensialından geniş istifadə olunması və bu dəhlizin bir hissəsi kimi Bakı-Tbilisi-Qars dəmiryolunun ötürmə qabiliyyətinin artırılması, tranzit yükdaşımaları ilə bağlı vahid tarif siyasətinin formalaşdırılması məsələləri müzakirə olunub. Tranzit yük axınlarının sabit artımını təmin etmək üçün müştərək əməliyyatların sinxronlaşdırılmasının vacibliyi vurğulanıb.

“Tərəflər Orta Dəhlizə marağın artdığını qeyd ediblər. Belə ki, 2022-ci ilin yanvar-iyun aylarında dəhlizlə ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz çox yük daşınıb. Qeyd olunub ki, Şimal-Qərb dəhlizinə tələbat ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən üç dəfə artıb,” məlumatda bildirilir.

Görüşdə vurğulanıb ki, Azərbaycan, Türkiyə və Gürcüstan Orta Dəhlizdə həyati əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin ötürmə qabiliyyətinin artırılması istiqamətində səyləri gücləndirib.

Nazir Rəşad Nəbiyev Gürcüstana səfəri zamanı baş nazirin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə də ikitərəfli görüş keçirib.

“Görüş çərçivəsində Poti və Batumi limanları ilə Ələt limanı arasında blok qatarın yaradılması, qrafiklərin uyğunlaşdırılması, vahid tariflərin müəyyən olunması müzakirə olunub və bu istiqamətdə müvafiq işlərin görüləcəyi razılaşdırılıb,” məlumatda qeyd edilir.

TRACECA - Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizinin Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Rüfət Bayramov Amerikanın Səsinə bildirib ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra şimal marşrutları üzrə bir çox yüklərin daşınması artıq Şərq-Qərb maşrutuna, yəni Avropa-Qafqaz-Asiya dəhliznin üzərinə keçib.

“Bizim dəhliz ilə həm avtomobil, həm də dəmir yolu nəqliyyatı üzrə yük daşımaları artıb. Dəmir yolu ilə Çin-Avropa daşımalarında ən çox konteyner daşımalarında artım var. Təkcə bu il Çin-Avropa marşrutu üzrə 70 blok qatar göndərilib. Bu da tarixi göstəricidir. Biz gözləyirik ki, yaxın zamanda bu artım 100-150 min konteynerə qədər yüksələcək. 2030-cü ilədək artımın 300 min konteynerədər olacağını gözləyirik,” o deyib.

Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi (ТRACECA - Transport Corridor Europe -Caucasus-Asia) - Müstəqil Dövlətlər Birliyinə göstərilən texniki yardım (TASİS) çərçivəsində xüsusi bir layihədir. O, Avropa İttifaqının dəstəyi ilə həyata keçirilir.

Layihə 1993-cü ilin may ayında Brüsseldə keçirilən konfransda 8 ölkənin (5 Mərkəzi Asiya və 3 Qafqaz respublikası) iştirakı ilə qəbul edilib.

Bu dəhliz üzrə hərəkət edən qatarlar orta hesabla 10-12 günə Çindən Avropaya yükləri çatdırır. Bu da nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biri hesab olunur.

Dəhliz vasitəsilə yüklər Avropaya iki istiqamət üzrə nəql edilir. Onlardan biri Gürcüstanın Poti və Batumi limanları, digəri isə Bakı-Tbilisi-Qars dəmir yoludur.

Mövzuya uyğun

XS
SM
MD
LG