Accessibility links

TRACECA və CAREC əməkdaşlıq edəcək


TRACECA hökumətlərarası komissiyasının və Orta Asiya Regional İqtisadi Əməkdaşlıq İnstitutunun (CAREC) daimi katibliyi əməkdaşlıq barədə razılığa gəlib.

Tərəflər arasında Anlaşma Memorandumu sentyabrın 10-da Bakıda imzalanıb.

Sənədi TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin baş katibi Mirça Çiopraqa və CAREC-in direktoru Bayaraa Sanjaasuren imzalayıb. Tədbirdə xarici ölkələrin Azərbaycandakı səfirləri, diplomatik korpusun nümayəndələri və ekspertlər iştirak edib.

"TRACECA və CAREC ölkələrinin əksəriyyətində nəqliyyat şəbəkələri modernləşdirilməlidir və ictimai fondlarla təmin olunmayan nəqliyyat sistemlərinin yaxşılaşdırılması üçün əhəmiyyətli maliyyə resurslarına ehtiyac var". Bu baxımdan TRACECA və CAREC beynəlxalq maliyyə institutları ilə yaxından əməkdaşlıq edəcək və maliyyə sektorunda və idarəetmədə özəl sektorun iştirakını təşviq edəcək", M.Çiopraqa bildirib.

TRACECA Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiyada Avropa Birliyi və tərəfdaş ölkələr arasında nəqliyyat sahəsində beynəlxalq əməkdaşlıq proqramıdır. 13 iştirakçıdan ibarət olan təşkilatın Bakıda daimi katibliyi var.

Avropa Komissiyası uzun illər TRACECA-nın etibarlı tərəfdaşı olub. İndiyədək Avropa Komissiyası TRACECA proqramı çərçivəsində ümumi olaraq 187 milyon avrodan artıq 85 layihə maliyyələşdirib. Bu layihələr beynəlxalq maliyyə qurumlarından böyük investisiyalar, nəqliyyat infrastruktur layihələri üçün 4 milyard avrodan çox vəsait cəlb etməyə kömək edib.

1997-ci ildə yaradılan CAREC proqramı 11 ölkənin - Azərbaycan, Əfqanıstan, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Tacikistan, Türkmənistan, Özbəkistan və altı çoxtərəfli institutun - Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Valyuta Fondu, İslam İnkişaf Bankı, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Dünya Bankının tərəfdaşlığını nəzərdə tutur.

Yunanıstan və Litva TRACECA Hökumətlərarası Komissiyasında müşahidəçi statusuna malikdir.

2002-ci ildə CAREC proqramına qoşulduqdan sonra Azərbaycan proqrama 3 milyard dollar investisiya qoyub.

XS
SM
MD
LG