Accessibility links

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə tarif dərəcələri və konteyner qatarlarının hərəkəti müzakirə edilib


Bakıda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) inkişafı üzrə İşçi qrupunun iclası (Foto "Azərbaycan Dəmir Yolları" QSC-dir )
Bakıda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) inkişafı üzrə İşçi qrupunun iclası (Foto "Azərbaycan Dəmir Yolları" QSC-dir )

Noyabrın 15-də Bakıda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) inkişafı üzrə İşçi qrupunun iclası keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin yaydığı məlumatda deyilir ki, iclasda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə tarif dərəcələrinin təsdiqi və konteyner qatarlarının hərəkəti zamanı onların dislokasiyası barədə məlumat mübadiləsi üzrə aparılan işlərin yekunlarına dair İşçi qrupunun hesabatı müzakirə edilib.

Toplantıda Azərbaycan, Türkiyə, Gürcüstan və Qazaxıstan üzrə aidiyyəti qurumların rəsmi şəxsləri iştirak edib.

İclasda bildirilib ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun bütün iştirakçılarının birgə səyi nəticəsində 2022-ci ildə dəhliz üzrə tranzit daşımaların həcmi əhəmiyyətli dərəcədə artıb. Dəhliz boyu proseslərin optimallaşdırılması sayəsində çatdırılma müddətini azaltmağa imkan verən bir sıra əməliyyat təkmilləşdirmələri həyata keçirilib. Əməliyyatların idarə edilməsi xidmətinin tətbiqi marşrutun Azərbaycan seqmentində bütün tərəflər arasında operativ əlaqənin təşkilinə imkan verib.

TRACECA - Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizinin Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Rüfət Bayramov Amerikanın Səsinə bildirib ki, Rusiya-Ukrayna müharibəsi başlayanadan sonra Çin Rusiya üzərindən Avropaya konteyner daşımalarının TRACECA xətti ilə daşınmasına üstünlük verir.

Onun sözlərinə görə, müharibəyədək il ərzində Rusiya üzərindən bir milyondan çox konteyner daşınıb. Milli katib deyib ki, 2022-ci ilin sonunadək TRACECA dəhlizi ilə yük axınının 5 dəfəyədək artacağı gözlənilir.

TRACECA (Transport Corridor Europe-Caucasus-Asia) Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi- Müstəqil Dövlətlər Birliyinə göstərilən texniki yardım (TASİS) çərçivəsində xüsusi bir layihədir. O, Avropa İttifaqının dəstəyi ilə həyata keçirilir. Layihə 1993-cü ilin mayında Brüsseldə keçirilən konfransda 8 ölkənin (5 Mərkəzi Asiya, Qazaxıstan və 3 Qafqaz respublikası) iştirakı ilə qəbul edilib.

TRACECA həmçinin maraqları bir araya gətirmək və qarşılıqlı faydalı əməkdaşlığın qurulmasının optimal yollarını tapmaq, o cümlədən Avropa, Qara dəniz, Qafqaz, Xəzər dənizi və Asiya regionlarında iqtisadi əlaqələri, ticarət və nəqliyyat kommunikasiyalarını inkişaf etdirmək üçün sabit platformadır.

Mövzuya uyğun

XS
SM
MD
LG