Accessibility links

Baş nazir: Yanvar-aprel aylarında Azərbaycan ərazisi ilə tranzit daşımaların həcmi 26 faiz artıb


Şərq-Qərb dəhlizi (Mənbə: Azərbaycan Dəmir Yolları QSC)
Şərq-Qərb dəhlizi (Mənbə: Azərbaycan Dəmir Yolları QSC)

"Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat marşrutlarının vacib halqası kimi çıxış edir. Ölkədə son 20 ildə minlərlə kilometr uzunluğunda avtomobil və dəmir yolları tikilib və ya əsaslı təmir olunub".

Bu barədə Azərbaycanın Baş naziri Əli Əsədov iyunun 8-də Rusiyaın Soçi şəhərində Avrasiya Hökumətlərarası Şurasının geniş tərkibdə keçirilən iclasında bildirib.

Baş nazir Əli Əsədov (Mənbə: Nazirlər Kabineti)
Baş nazir Əli Əsədov (Mənbə: Nazirlər Kabineti)

Baş nazir hesab edir ki, iqtisadi-ticari əlaqələr qarşılıqlı münasibətlərin əsas vektorudur.

"Ötən ilin yekunlarına görə, Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə əmtəə dövriyyəsi 31 faiz artaraq 4,7 milyard dollar təşkil edib. Azərbaycanın xarici ticarət dövriyyəsində Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin payı təqribən 9 faiz təşkil edib. Cari ilin yanvar-aprel aylarında əmtəə dövriyyəsinin artımı 38 faizə bərabər olub", o qeyd edib.

Nəqliyyat sahəsində tərəfdaşlığa toxunan Əsədov qeyd edib ki, qlobal geosiyasi mənzərədə mühüm dəyişikliklər bir çox ölkələr tərəfindən logistika zəncirlərinin və axınlarının məcburi şəkildə yenidən təşkili ilə nəticələnib.

"Bu fonda dövlətlərimizin ərazisindən keçən nəqliyyat-tranzit dəhlizlərinin aktuallığı artır. Azərbaycan ərazisi ilə yük axını sabit sürətlə artır. 2022-ci ilin yekunlarına görə, artım 75 faiz təşkil edib. Cari ilin yanvar-aprel aylarında tranzit daşımaların həcmi 26 faiz artıb", o qeyd edib.

Şimal-Cənub dəhlizi (Xəritə Azərbaycan Dəmir yolu Səhmdar Cəmiyyətinin rəsmi saytından götürülüb)
Şimal-Cənub dəhlizi (Xəritə Azərbaycan Dəmir yolu Səhmdar Cəmiyyətinin rəsmi saytından götürülüb)

Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Azərbaycandan keçən Avropa-Qafqaz-Asiya (Orta Dəhliz) və Şimal-Cənub nəqliyyat dəhlizlərinə maraq artıb. Bu dəhlizlər vasitəsilə yükdaşımaların həcmi sürətlə artmaqdadır.

Orta dəhliz - Çindən Türkiyəyə, eləcə də Avropa ölkələrinə və əks istiqamətdə yük daşımalarını nəzərdə tutur.

Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Şimali Avropa ölkələrini birləşdirəcək Şimal-Cənub nəqliyyat dəhlizi haqqında razılaşmanın birinci aktı 12 sentyabr 2000-ci ildə Sankt-Peterburqda Rusiya, İran və Hindistan arasında imzalanıb. Sonrakı illərdə razılaşmanı bütovlükdə 13 ölkə imzalayıb və müvafiq olaraq ratifikasiya edib. Bunlar Azərbaycan, Belarus, Bolqarıstan, Ermənistan, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Oman, Rusiya, Tacikistan, Türkiyə və Ukraynadır. Azərbaycan "Şimal-Cənub" layihəsinə 2005-ci ildə qatılıb.

Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır. Hazırkı marşrut (Suveyş kanalı) üzrə çatdırılma vaxtı 45-60 gündür, Şimal-Cənub vasitəsilə 14-20 gün olması gözlənilir.

XS
SM
MD
LG