"Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında" 2022-ci il noyabrın 11-də Səmərqənd şəhərində imzalanmış saziş təsdiq edilib.
Bu barədə Prezident İlham Əliyev "Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında" sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.
"Atlas" Araşdırmalar Mərkəzinin direktoru Elxan Şahinoğlu Amerikanın Səsinə bununla bağlı şərhində bildirib ki, "Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında" sazişin həm siyasi, həm də iqtisadi əhəmiyyəti var.
"Siyasi əhəmiyyəti odur ki, türk dövlətləri arasında birlik güclənir. Türkiyə və Azərbaycan bu birliyə çox önəm verir. Ümumiyyətlə Türk birliyinin nüvəsini Azərbaycan və Türkiyə strateji müttəfiqliyi təşkil edir. Onların ən böyük istəyi odur ki, bu birliyə Mərkəzi Asiyanın türk dövlətləri də qoşulsun".
Onun fikrincə, son illərdə Qazaxıstanın, Özbəkistanın, Qırğızıstanın türk dünyasına marağı artıb.
"Özbəkistan keçmiş illərdə türk dövlətləri arasında inteqrasiyaya o qədər də maraq göstərməzdi. Amma yeni prezidentin türk dünyasına inteqasiyasına çox önəm verir. İlk səfərini də Türkiyəyə etmişdir. Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan Rusiya və Çindən asılı olmaq istəmirlər. Onlar Azərbaycanla da əməkdaşlığa üstünlük verməyə başlayıblar".
Sazişin iqtisadi anlamına gəldikdə ekspert deyir ki, türk dövlətlərinin siyasi əlaqələrdən başqa, iqtisadi-ticari əlaqələrin inkişafına da ehtiyac var.
"Bu baxımdan gömrük dəhlizində maneələr ortadan qaldırılmalıdır ki, ticarət artsın, inteqrasiya olsun".
Xatırlatma
Rusiya-Ukrayna müharibəsi başalayandan sonra Azərbaycandan keçən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinə maraq artıb. Bu dəhliz vasitəsi yükdaşımaların həcmi sürətlə artmaqdadır.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin məlumatına görə, 2021-ci illə müqayisədə Şərq-Qərb dəhlizi üzrə yükdaşımalar 500 min ton artaraq 3,9 milyon ton olub.
Orta dəhliz - Çindən Türkiyəyə və eləcə də Avropa ölkələrinə və əks istiqamətdə yük daşımalarını nəzərdə tutur.
Belə ki, TRACECA (Transport Corridor Europe-Caucasus-Asia) Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi Müstəqil Dövlətlər Birliyinə göstərilən texniki yardım (TASİS) çərçivəsində xüsusi bir layihədir. O, Avropa İttifaqının dəstəyi ilə həyata keçirilir. Layihə 1993-cü ilin mayında Brüsseldə keçirilən konfransda 8 ölkənin (5 Mərkəzi Asiya, Qazaxıstan və 3 Qafqaz respublikası) iştirakı ilə qəbul edilib.
TRACECA, həmçinin maraqları bir araya gətirmək, qarşılıqlı və faydalı əməkdaşlığın qurulmasının optimal yollarını tapmaq, o cümlədən Avropa, Qara dəniz, Qafqaz, Xəzər dənizi və Asiya regionlarında iqtisadi əlaqələri, ticarət və nəqliyyat kommunikasiyalarını inkişaf etdirmək üçün sabit platformadır.