Accessibility links

İrandan Azərbaycana dəmir yolu ilə yük daşımalarının 81 faiz artdığı bildirilir


Son 2 ayda İrandan Azərbaycana dəmir yolu nəqliyyatı ilə 120 min tondan çox yük daşınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 81 faiz çoxdur.

Bu barədə Mehr agentliyi İran Dəmir Yolları şirkətinin nümayəndəsi Qulamhüseyn Vəldiyə istinadən bildirib

“İran və Azərbaycan arasında Astara-Astara dəmir yolu xəttində yükdaşımalar həndəsi silsilə ilə artır”, o bildirib.

Astara-Astara dəmir yolu xətti İran dəmir yollarını Azərbaycan dəmir yolu sisteminə birləşdirən Şimal-Cənub layihəsinin bir hissəsidir. Yolun uzunluğu 10 kilometrdir, - Astara şəhərindən İran sərhədinə 8 kilometr və İranın Astara şəhərindən Azərbaycan sərhədinə 2 kilometrdir.

Xatırladaq ki, mayın 17-də Rusiya və İran “Şimal-Cənub” dəhlizinin quru dəmir yolu marşrutunun tamamlanması üçün tələb olunan sonuncu Rəşt-Astara dəmir yolu hissəsinin tikintisi barədə hökumətlərarası saziş imzlayıb.

Sənədə əsasən Moskva və Tehran layihələndirmə, tikinti, eləcə də mal və xidmətlərin çatdırılmasını birgə maliyyələşdirəcəklər.

Rəşt-Astara xəttinin uzunluğu 170 kilometr olacaq. O, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin quru hissələrini birləşdirmək üçün lazımdır, bu da Transxəzər marşrutunun iqtisadi səmərəliliyinin artmasına imkan verəcək.

Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Şimali Avropa ölkələrini birləşdirəcək "Şimal-Cənub" nəqliyyat dəhlizi haqqında razılaşmanın birinci aktı 12 sentyabr 2000-ci ildə Sankt-Peterburqda Rusiya, İran və Hindistan arasında imzalanıb. Sonrakı illərdə razılaşmanı bütovlükdə 13 ölkə imzalayıb və müvafiq olaraq ratifikasiya edib. Bunlar Azərbaycan, Belarus, Bolqarıstan, Ermənistan, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Oman, Rusiya, Tacikistan, Türkiyə və Ukraynadır. Azərbaycan "Şimal-Cənub" layihəsinə 2005-ci ildə qatılıb.

Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır. Hazırkı marşrut (Suveyş kanalı) üzrə çatdırılma vaxtı 45-60 gündür, Şimal-Cənub vasitəsilə 14-20 gün olması gözlənilir.

XS
SM
MD
LG