Accessibility links

İran və Rusiya Rəşt-Astara dəmir yolunun tikintisinə dair saziş imzalayıb-ekspert baxışı


Mayın 17-də Tehranda İranın yollar və şəhərsalma naziri Mehrdad Bazrpaş və Rusiyanın nəqliyyat naziri Vitali Savelyev Rəşt-Astara dəmir yolu hissəsinin tikintisi barədə saziş imzalayıb.

Bu barədə İRNA agentliyi məlumat yayıb.

Mərasimdə prezidentlər Vladimir Putin və İbrahim Rəisi iştirak edib. Putin videobağlantı vasitəsilə iştirak edib. Rusiya tərəfdən mərasimdə baş nazirin müavini, İranda işgüzar səfərdə olan Aleksandr Novak iştirak edib.

Sənədə əsasən Moskva və Tehran layihələndirmə, tikinti, eləcə də mal və xidmətlərin çatdırılmasını birgə maliyyələşdirəcəklər.

Rəşt-Astara xəttinin uzunluğu 170 kilometr olacaq. O, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin quru hissələrini birləşdirmək üçün lazımdır, bu da Transxəzər marşrutunun iqtisadi səmərəliliyinin artmasına imkan verəcək.

Rəşt-Astara dəmir yolunun işə salınmasından sonra Moskva və Sankt-Peterburqdan yük və konteynerlər birbaşa və dayanmadan İranın cənubunda Fars körfəzində Bəndər-Abbas limanına daşına biləcək. Digər tərəfdən, Rusiyanın Hindistan, ərəb ölkələri və İrandan idxal etdiyi mallar da Fars körfəzində İranın cənub limanlarından Azərbaycan vasitəsilə Rusiyaya çatdırıla bilər.

Siyasi təhlilçi Fuad Şahbazov Amerikanın Səsinə deyib ki, Azərbaycan beynəlxalq arenada imicini tranzit hab olaraq (hub) formalaşdırmağa çalışır.

“Orta Dəhliz”in “Şimal-Cənub dəhlizi” ilə müqayisədə imkanları daha genişdir
please wait

No media source currently available

0:00 0:05:30 0:00

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsi də onlardan biridir. Azərbaycan aktiv şəkildə öz öhdəsinə düşən bütün öhdəlikləri yerinə yetirməyə başlayıb. Bunun üçün Rəşt-Astara dəmir yolu xəttini başa çatdırmaq üçün o zaman əvvəlki İran prezidenti Həsən Ruhani administrasiyası ilə sıx əməkdşlıq etməyə başladı.

Hətta o zamanlar İranın iqtisadi problemləri səbəbindən həmin layihənin İran hissəsinin başa çatdırılması üçün Azərbaycan İranın maliyyə mənbəyi olmadığını bilərək, Azərbaycan Beynəlxalq Bankı vasitəsilə İrana 500 milyon dollar dəyərində maddi yardım paketi ayırmağı planlaşdırırdı. Lakin sonradan beynəlxalq sanksiyalar səbəbindən problem yaranacağı üçün Azərbaycan bu yardım paketini saxladı. Amma İranla əməkdaşlığı davam etdirdi. Lakin layihənin İran daxilində dəmir yolunun Azərbaycanla Rusiyanı birləşdirəcək hissəsi hələ hazır olmadığından, indi bununla bağlı işlərin davam etdirilməsi nəzərdə tutulur”, o bildirib.

Ekspert deyir ki, regionda geosiyasi dinamikalar dəyişdikdən sonra bu layihədə müəyyən fasilə yaranıb.

“Biz bilirik ki, Azərbaycan və Ermənistan arasında İkinci Qarabağ müharibəsi başladı. Bu müharibənin nəticələrindən sonra regionda geosiyasi dinamikalar dəyişdi. İranda hakimiyyətə gələn mühafizəkar İbrahim Rəisi adminsitrasiyası ilə münasibətlər korlandı və ümumilikdə İranla Azərbaycan arasında bu tip layihələr üzrə əməkdaşlıq dayandı. Baxmayaraq ki, iqtisadi əməkdaşlıq davam edir, siyasi münasibətlərdə kifayət qədər problem qalmaqdadır”, Şahbazov qeyd edib.

Onun sözlərinə görə layihəyə hazırda ən çox ehtiyac duyan ölkə Rusiyadır.

“Rusiya Ukraynanın işğalından sonra beynəlxalq sanksiyalara məruz qaldığına görə ənənəvi tranzit yollarından istifadəsi məhdudlaşdırıldı və yaxud tamamilə qadağan olundu. Rusiyanın artıq Hindistan, İran və Asiyanın digər ölkələri ilə iqtisadi əlaqələri saxlamaq üçün yeni bir yola ehtiyacı var. Dəhlizin müəyyən hissəsi hələ də tamamlanmadığına, Azərbaycanın İranla əməkdaşlığına müəyyən mənada fasilə verdiyinə görə, bu layihənin rentabelliyi sual altındadır. Bununla bağlı kifayət qədər böyük problemlər qalmaqda davam edir.

Rusiyanın özündə müəyyən dəmir yolları xəttinin hamısının hazır olmaması, İrandakı dəniz limanlarının böyük miqdarda texniki imkanlarının olmaması, onu göstərir ki, layihə ilə bağlı işlər hələ də çoxdur. Bu gün İranla Rusiya arasında Rəşt-Astara dəmir yolunun yekun fazası ilə bağlı müqavilə imzalansa da, gözlənilən odur ki, Rusiya Azərbaycan ilə yenidən danışıqlara başlayacaq ki, bu məsələdə hər hansı bir yolla İrana yardım etsin. Rusiya investor olmağa hazırdır. Amma burada Azərbaycan və İran arasında siyasi münasibətlərin konteksti, layihənin gələcəyini müəyyən edir”.

Fuad Şahbazovun qənaətincə, Azərbaycan bu layihəyə elə də böyük ehtiyac duymur.

“Çünki hazırda ən kritik “Orta Dəhlizdir”. Hansı ki, burada nə Rusiya, nə də İran faktoru var. Bu dəhliz layihəsində əsas qərar verən Azərbaycan, Türkiyə, Gürcüstan və Mərkəzi Asiya ölkələridir. Azərbaycan həmin ölkələrlə ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatları yaradıb. Azərbaycan və Türkiyə bu dəhliz üçün kifayət qədər investisiyalar sərf edir. Çindən gələn malların Mərkəzi Asiyadan keçərək Xəzər dənizi vasitəsilə Azərbaycan, Gürcüstan, Türkiyə və daha sonra Avropa bazarlarına nəqli nəzərdə tutulur. “Orta Dəhliz”in “Şimal-Cənub dəhlizi” ilə müqayisədə imkanları daha genişdir. Çünki oradakı ölkələrin hamısı sanksiyalar altında deyil. Onların özlərinin maddi-texniki imkanları da icazə verir ki, öz ərazilərində dəhlizin tam işlək olmasını yaxın zamanlarda təmin etsinlər.

Amma Azərbaycan “Şimal-Cənub dəhlizi”ni dayandırmayacaq, düşünürəm ki, layihə ilə bağlı danışıqların icrasına müəyyən mənada pauza verəcək. İranın səmərəli iştirakı isə Azərbaycan-İran münasibətlərinin inkişaf dinamikasından birbaşa aslı olacaq” o deyib.

Xatırlatma

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Razılaşma Rusiya, İran və Hindistan arasında 12 sentyabr 2000-ci ildə Sankt-Peterburq şəhərində əldə edilib. Göstərilən dövlətlərdə daxili prosedurlardan keçdikdən sonra razılaşma 21 may 2002-ci il tarixdən qüvvəyə minib. 2005-ci ilin sentyabr ayında Azərbaycan “Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizi haqqında saziş”ə qoşulub.

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq. Dəhliz Avropa-Cənubi Asiya-Yaxın Şərq arasında dəmir yolu və avtomobil daşımalarını da reallaşdıracaq.

XS
SM
MD
LG