Accessibility links

Azərbaycanda “Kərimə” dövləti qurmaq istəyən daha bir dəstənin müəyyən olunduğu deyilir


Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun birgə məlumatında İran xüsusi xidmət orqanları tərəfindən “maddi maraq və dini təbliğat yolu ilə ələ alınmış” Azərbaycan vətəndaşlarının həbs edildiyi bildirilir. İddialara əsasən həmin vətəndaşlar ölkədə sabitliyi pozmaq üçün cinayət əməlləri planlaşdırıblar.

Məlumatda qeyd edilib ki, İran xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rufulla Axundzadə və oğlu Əlmürsəl Axundzadə ölkə ərazisində silahlı iğtişaşlar törətməklə Azərbaycanın Konstitusiya quruluşunun zorla dəyişdirilməsi yolu ilə “Kərimə” dövlətinin qurulması, ictimaiyyət arasında tanınan və vəzifəli şəxslərin həyatına sui-qəsdlərin təşkil edilməsi məqsədilə müqavimətçi dəstələr təşkil etmək barədə xüsusi fəaliyyət planı hazırlayıb.

Rəsmi məlumata görə, həmin planın bir hissəsi kimi Rufulla Axundzadə “Whatsapp”, “Telegram” və digər ani mesajlaşma sistemlərində məxfi qruplar yaradıb.

“Bundan başqa Axundzadə və oğlu Əlmürsəl Axundzadə həyatlarına sui-qəsdlərin təşkil edilməsi üçün vəzifəli şəxslərin və ictimai xadimlərin siyahısını, onların anket məlumatları, yaşayış və iş yerlərinin ünvanlarını qrup üzvlərinə təqdim ediblər. Bu məqsədlə o, odlu silah əldə etmək və “molotov kokteyli” hazırlamaqla bağlı qrup üzvlərinə tapşırıqlar verib. Əməliyyat zamanı “Qısas 313” adlı qrupun 7 nəfər üzvü Elgün Ağayev, Ruslan Əliyev, Yusif Mirzəyev, Elvin Cəfərov, Savalan Hüseynli, Bilal Sücəddinli, Məhərrəməli Musayev, eləcə qrupun digər üzvləri saxlanılaraq istintaqa təqdim edilib. Rufulla Axundzadə adları sadalanan şəxsləri təlimatlandıraraq onları təsir dairəsində saxlamaq məqsədi ilə davamlı virtual görüşlər keçirib. Bu yolla o, dəstə üzvlərində radikal meyillərin daha da güclənməsinə şərit yaradıb. Qrup üzvləri Rufulla Axundzadənin göstərişi ilə respublika ərazisində “Kərimə” dövlətinin qurulması, müxtəlif pozuculuq, kütləvi iğtişaşlar, sui-qəsdlər və bu kimi qanunsuz fəaliyyətlə məşğul olacaqlarına, sosial şəbəkələrdə radikal dini paylaşımlara müsbət reaksiya göstərən digər şəxsləri də üzv olduqları “müqavimətçi dəstə”yə əlavə edəcəklərinə və bu kimi çirkin əməllərinə müqəddəs Qurani-Kərimi də alət edərək ona and içiblər. Həmçinin, onlar müxtəlif dövlət orqanlarının inzibati binaların yaxınlığındakı küçələrdə radikal dini şüarlar yazaraq vətəndaşlar arasında çaşqınlıq yaratmaq məqsədi ilə şəkillər çəkib sosial şəbəkələrdə paylaşıblar. Axundzadə həmçinin dəstə üzvlərini dini təhsil almaq adı ilə İrana aparmaqla hərbi təlimlərə və qanunsuz silahlı-ekstremist təşkilatlara cəlb etməyi planlaşdırıb. Axundzadə ölkə ərazisində xarici xüsusi-xidmət orqanları ilə məxfi əməkdaşlığa cəlb edilən şəxslərin “ifşa” olunması istiqamətində keçirilən uğurlu əməliyyatlardan sonra ani mesajlaşma sistemlərində yaratdığı qrupların bağlanması, dəstə üzvlərinin isə bir müddət sosial şəbəkələrdə aktiv olmamaları barədə tapşırıqlar verib“, məlumatda deyilir.

Rəsmi məlumatda qeyd edilib ki, dəstə üzvləri eyni zamanda xaricdən onlara göndərilən pul vəsaitlərini Azərbaycanda dini radikalizmin təbliğinə və digər pozuculuq fəaliyyətlərinin maliyyələşməsinə sərf ediblər.

Məlumatda həmçinin bu istiqamətdə əməliyyat-axtarış və istintaq tədbirlərinin davam etdirildiyi də bildirilir.

Bu açıqlamaya hələlik sözügedən şəxslərdən, onların vəkillərindən və İranın Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb. İranın rəsmi qurumları və şəxsləri Amerikanın Səsinə müsahibə vermir.

Öz növbəsində, hüquq müdafiəçisi Rüfət Səfərov son günlər Azərbaycan hüquq-mühafizə orqanlarının keçirdikləri İranın xüsusi xidmət orqanlarının yaratdığı casus şəbəkəsi ilə bağlı əməliyyat axtarış tədbirləri barədə verdikləri məlumatları Amerikanın Səsinə şərh edib. Onun sözlərinə görə, bu tədbirlər alqışlansa da, heç bir təqsiri, ictimai təhlükəli əməli olmayan inanclı şəxslər də şərlənir, cəmiyyətdən təcrid olunur.

Son bir ildə İran və Azərbaycan arasında münasibətlərdə gərginlik davam edir. 2022-ci ildə hər iki ölkə sərhədləri boyunca qarşılıqlı hərbi təlimlər keçirib. Bu il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın olub. Səfirliyin təhlükəsizlik xidmətinin rəhbəri öldürülüb, daha iki əməkdaşı yaralanıb. Bundan sonra Azərbaycan Tehrandakı səfirliyinin diplomatik fəaliyyətini tam dayandırıb.

Martın 29-da Azərbaycanın İsraildə səfirliyinin açılmasından sonra İran Xarici İşlər Nazirliyi Azərbaycanla bağlı ittihamedici bəyanatlar verib. İki ölkənin hökumətyönümlü medialarında bir-birinə qarşı hədələyici, ittihamedici reportajlar yayılır.

Aprelin 6-da rəsmi Bakı İran siyasətçilərinin Azərbaycan dövlətinə qarşı ittihamedici bəyanatları ilə əlaqədar bu ölkə səfirliyinin 4 əməkdaşını persona non grata elan edib.

Bundan sonra İran da Azərbaycanın dörd diplomatını persona non grata elan edib.

İranın dəfələrlə Xarici İşlər Nazirliyinə çağırılan Azərbaycandakı səfirinə notalar təqdim edilib.

İran Azərbaycan mediasında “Kərimə dövləti” kimi xarakterizə edilən qurumun ideya müəllifləri, istintaq orqanlarından qaçaraq hazırda İranda gizlənən Azərbaycan vətəndaşları Tohid İbrahimbəyli və Orxan Məmmədovun saxlanılması barədə yayılan xəbərləri təkzib edib.

Rəsmi İRNA agentliyi İranın təhlükəsizlik mənbələrinə istinad edərək bu ölkənin Qum şəhərində Azərbaycan vətəndaşlarının həbs edilməsi barədə xəbərlərin doğru olmadığını bildirib.

“Azərbaycan hökuməti İrandakı vətəndaşları ilə bağlı ittihamlar səsləndirib. Bu ittihamlar əlavə araşdırma tələb edir,” mənbə IRNA-ya bildirib.

Mənbə əlavə edib ki, araşdırma aparılır, şəxslər nəzarət altındadır.

“Son günlər mətbuatda yayılan xəbərlər İranın mərkəzindəki müqəddəs Qum şəhərində “Hüseyniyun Briqadası” adlı şiə hərəkatının iki azərbaycanlı fəalının həbs edildiyini irəli sürüb,” İRNA-nın məlumatında qeyd edilir.

XS
SM
MD
LG