Accessibility links

Azərbaycanda İran lehinə təbliğat, narkotik satışında şübhəli bilinən 20 adamın saxlanıldığı bildirilir


Yerli medianın yaydığı məlumatına görə, Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində 20-ə yaxın şəxsin saxlanıldığı bildirilir.

Məlumata görə, həmin şəxslər dini xurafatçılıqla və İran lehinə dini təbliğat aparmaqla narkotik vasitələrin kütləvi satışını təşkil ediblər.

Şəbəkənin əsas məqsədi Azərbaycanın dünyəvi dəyərlərinə zərbə vurmaq, “kərimə” gənclərini narkotik vasitələrə qurşandırmaqla idarə etmək olub.

Bununla bağlı hələlik Daxili İşlər Nazirliyindən şərh almaq mümkün olmayıb.

Ötən həftə Azərbaycanda "Kərimə" dövlətinin qurulması üçün yaradılmış "müqavimətçi dəstə" üzvləri həbs edilib.

Bununla bağlı aprelin 6-da Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq birgə video məlumat yayıb.

Məlumatda deyilir ki, İranda yaşayan, həmin ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rufulla Axundzadə və Bəxtiyar Bayramov Tərtər rayon sakini Arif Cümşüdovu şirnikləndirici vədlərlə ələ alıblar.

Qeyd edilib ki, ona ölkədə silahlı iğtişaşlar törətməklə hakimiyyətin ələ keçirilməsi və Azərbaycanın konstitusiya quruluşunun zorla dəyişdirilməsi yolu ilə şəriət qanunları ilə idarə olunan "Kərimə" dövlətinin qurulması məqsədilə "müqavimətçi dəstə" yaratması barədə tapşırıqlar veriblər.

"Arif Cümşüdov verilmiş tapşırıqlar əsasında ətrafında olan dini radikalizmi təbliğ edən tanışları - Tərzan Qaraşov, Sənan Məmmədov, Xəqani Məmmədov və İqbal Axundovu bu işə cəlb edib. O, yaşadığı evdə təşkil etdiyi gizli yığıncaqlarda Rufulla Axundzadə və Bəxtiyar Bayramovun göstərişlərini həmin şəxslərə çatdırıb. Bundan başqa Rufulla Axundzadə Bakı şəhər sakini Anar İsayevi də əməkdaşlığa cəlb edərək ona da ölkə ərazisində iğtişaşların törədilməsi yolu ilə "Kərimə" dövlətinin qurulması üçün "müqavimətçi dəstə" təşkil etməyi tapşırıb. Rufulla Axundzadə yüksək maddi gəlir, silah və digər bütün lazımı dəstəyin veriləcəyini vəd edərək təşkilatlanmaları və birgə fəaliyyət göstərmələri məqsədilə Anar İsayevi Arif Cümşüdovla tanış edib. Saxlanılan şəxslər özlərini cəmiyyətdə "dindar" kimi qələmə verərək sosial şəbəkələr üzərindən, eləcə də insanların toplaşdığı mərasimlərdə İran və dini radikalizm lehinə təbliğat apararaq Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinə xələl gətirmək üçün xaricdən aldıqları tapşırıqları yerinə yetiriblər", məlumatda deyilir.

Məlumatda qeyd edilir ki, dəstə üzvləri eyni zamanda, İrandan məqsədli şəkildə göndərilən narkotik vasitələrin satışını təşkil edərək əldə etdikləri külli miqdarda pul vəsaitini məhz Azərbaycanda dini radikalizmin təbliğinə və digər pozuculuq fəaliyyətlərinin maliyyələşməsinə sərf ediblər.

Bu açıqlamaya hələlik sözügedən şəxslərdən, onların vəkillərindən və İranın Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb.

Öz növbsində, hüquq müdafiəçisi Rüfət Səfərov son günlər Azərbaycan hüquq-mühafizə orqanlarının keçirdikləri İranın xüsusi xidmət orqanlarının yaratdığı casus şəbəkəsi ilə bağlı əməliyyat axtarış tədbirləri barədə verdikləri məlumatları Amerikanın Səsinə şərh edib. Onun sözlərinə görə, bu tədbirlər alqışlansa da, heç bir təqsiri, ictimai təhlükəli əməli olmayan inanclı şəxslər də şərlənir, cəmiyyətdən təcrid olunur.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG