Sosioloq Ural Hatəmi Amerikanın Səsinə müsahibədə 2006-cı ilin may ayında İran Azərbaycanında baş qaldıran qiyamın mahiyyəti və təsirləri haqqında danışıb. Hatəmi deyir ki, may qiyamı ilə birlikdə Azərbaycanın siyasi-ictimai müqəddəratı və siyasi cəmiyyəti Tehrandan qopdu.
Sosioloq 2006 may qiyamının sadəcə dövlət qəzetində yayımlanan karikaturaya təpkidən ibarət olmadığını önə çəkir. O, həmin etirazlarda səsləndirilən "Haray haray mən türkəm" və "Türk dilində mədrəsə" kimi şüarları qiyamın arxasındakı düşüncənin əlamətləri kimi dəyərləndirir.
2006 may ayının 12-də İran dövlətinin rəsmi mətbuat orqanı olan "İran" jurnalında dərc edilən karikaturalar qiyamın başlamasına səbəb olmuşdu. Karikaturada bir uşağın hamam böcəyinə farsca verdiyi suallara hamam böcəyi türkcə cavab verir. Yazılı mətndə isə hamam böcəklərini məhv etməyin yolları müzakirə edilir. Günlərlə davam edən kütləvi üsyanlar xüsusilə, Sulduz, Təbriz, Urmiyə və Xiyav kimi şəhərlərdə polis və hərbi qüvvələrin güc tətbiqi ilə qanlı şəkildə yatırıldı.
"May hadisələri ilə bağlı belə bir düşüncə və ya analizlər var idi ki, Azərbaycan xalqı, türklər İranda qəzetindəki o karikaturaya və o söyləmə qarşı bir təpki olaraq küçəyə çıxıb etiraz etdi və yatdı. Ancaq zaman keçdikcə və İrandakı başqa siyasi və ictimai hərəkatlara da baxdığımızda görürük ki, belə deyil. Əslində, may hərəkatı uzun bir prosesin nəticəsi idi. May qiyamı Azərbaycanda uzun illər ziyalıların və tənqidi qəzetçilik fəaliyyətlərinin nəticəsidir" , Ural Hatəmi söyləyir.
O, əlavə edir ki, "yəni, may qiyamı təpkisəl və ya tamamən reaksiyadan ibarət olan bir hadisə deyildi. Arxasında bir düşüncə var idi. Bu düşüncəni biz qiyamın şüarlarında görə bilirik. 'Haray haray mən türkəm' və 'Türk dilində mədrəsə' kimi kimlik məsələsinə dayanan şüarlarda bunu rahatlıqla görə bilirik. Sırf reaksiya olaraq ortaya çıxan ictimai hərəkatlarda bu qədər şəffaf, açıq və hədəfi bəlli olan şüarlara tuş gəlmək olmaz."
Ural Hatəminin sözlərinə görə, 2006 ilinin may ayından sonra İran Azərbaycanının Tehranda meydana gələn siyasi olaylara göstərdiyi reaksiya İran siyasi qüvvələrinin may qiyamına olan reaksiyası əsasında müəyyənləşməyə başladı:
"Biz May Hərəkatının öncəsi və sonrası olmaq üzərə Azərbaycanda siyasi və ictimai hərəkatları ikiyə bölürük. Yəni, bu qədər əhəmiyyətli bir hərəkatdır. May ayından sonrakı dönəmdə İranın tamamıda baş verən bütün siyasi hərəkatlarda may hərəkatının müəyyənedici bir rolu oldu. Azərbaycan niyə 2009 prezident seçkilərindən sonrakı etirazlarda Tehran ilə birlikdə hərəkət etmədi? Azərbaycan niyə ondan sonrakı illərdə, fərqli dönəmlərdə mərkəzçi güclərin siyasi hərəkatlarına xoş baxmadı? Bunun səbəbini onlar da bilir. Bunu hakimiyyət də bilir. Bilirlər ki, may qiyamından sonra Azərbaycanın siyasi-ictimai müqəddəratı mərkəzdən qopdu. Çünki mərkəz Azərbaycanın hərəkatından himayə etmədi. Çünki, mərkəz onun yanında durmadı, hətta iftiralar da atıldı Azərbaycanın haqlı qiyamına".
Hatəmi müsahibədə, həmçinin İranda hökümət əleyhinə son kütləvi etirazlara diqqət çəkərək deyir ki, "son etirazlarda Azərbaycanda etiraza çıxan gənclərin yaşlarına baxdığımızda bunların çoxu 2006 may hadisələrini təcrübə etməmiş gənclərdir... onların məsələləri ayırd etmələri yaşları etibarı ilə mümkün deyil. Yəni, öncəki nəsil qatılıb-qatılmamaqda bir az tərəddüdlü idi, amma yeni nəsildə o tərəddüdü görmədik. Ayrıca, Azəraycanda 'Qadın, yaşam azadlıq' hərəkatına qatılmaqda da yenə Azərbaycan məsələsini nəzərdə tutaraq küçəyə çıxanların sayı çox idi".