Accessibility links

İran Azərbaycanda axtarışda olan şəxslərin həbs edilməsi barədə xəbərləri təkzib edib


İran və Azərbaycan bayraqları
İran və Azərbaycan bayraqları

İran Azərbaycan mediasında "Kərimə dövləti" kimi xarakterizə edilən qurumun ideya müəllifləri, istintaq orqanlarından qaçaraq hazırda İranda gizlənən Azərbaycan vətəndaşları Tohid İbrahimbəyli və Orxan Məmmədovun saxlanılması barədə yayılan xəbərləri təkzib edib.

Rəsmi İRNA agentliyi İranın təhlükəsizlik mənbələrinə istinad edərək bu ölkənin Qum şəhərində Azərbaycan vətəndaşlarının həbs edilməsi barədə xəbərlərin doğru olmadığını bildirib.

“Azərbaycan hökuməti İrandakı vətəndaşları ilə bağlı ittihamlar səsləndirib. Bu ittihamlar əlavə araşdırma tələb edir,” mənbə IRNA-ya bildirib.

Mənbə əlavə edib ki, araşdırma aparılır, şəxslər nəzarət altındadır.

“Son günlər mətbuatda yayılan xəbərlər İranın mərkəzindəki müqəddəs Qum şəhərində “Hüseyniyun Briqadası” adlı şiə hərəkatının iki azərbaycanlı fəalının həbs edildiyini irəli sürüb,” İRNA-nın məlumatında qeyd edilir.

Bununla yanaşı, İranın Azərbaycandakı səfirliyi Amerikanın Səsinin Tohid İbrahimbəyli və Orxan Məmmədovun İranda saxlanılması barədə sorğusuna cavabda bildirib ki, İranın rəsmi qurumları və şəxsləri Amerikanın Səsinə müsahibə vermir.

Bununla yanaşı mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda keçirilən beynəlxalq konfransda Azərbaycan Prezidenti İlham Əliyev İranla münasibətlərin gərgin olduğunu diqqətə çatdırıb. O, Azərbaycanın İrandakı səfirliyinə silahlı basqını terror aktı kimi qiymətləndirib. Bildirib ki, terror bunla da bitməyib.

“Sonra Azərbaycanın parlament üzvünün birinə qarşı terror aktı törədildi və xoşbəxtlikdən Allah onu qorudu. O, sağ qaldı. Yenə də “Kalaşnikov” avtomatından ikimetrlik məsafədən altı dəfə atəş açıldı. O, ciddi şəkildə yaralandı. Bir neçə gündən sonra həmin qrup yaxalandı. Bizim hüquq-mühafizə qurumlarımız çox səmərəli işləyir. Biz gizləndiyi yerdən asılı olmayaraq, hər kəsi tapıb, məsuliyyətə cəlb edə bilirik. Onlar artıq “Kalaşnikov” avtomatını gizlətdiyi yeri də söylədilər, silah tapıldı. Bütöv dəstə ifşa edildi və ifadə verdilər ki, onlar göstərişləri İrandan alıblar. Bu əməl “qırmızı xətti” keçmək deməkdir. Bu, ciddidir, terror hesab edilir. Hesab edirik ki, bu terror hökumət səviyyəsində təşkil olunub”, o qeyd edib.

Əliyev tələb edib ki, Azərbaycandan olan və İranda özünə sığınacaq tapmış bəzi terrorçuların ekstradisiyası baş tutmalıdır.

“Biz səfirliyimizə qarşı törədilmiş terror hücumunun şəffaf araşdırılmasını tələb edirik. Beləliklə, təsəvvür edə bilərsiniz ki, Azərbaycan ilə İran arasında münasibətlər hazırda heç zaman olmadığı qədər çox aşağı səviyyədədir və onların həmin səviyyədə qalacağı, yoxsa daha aşağı düşəcəyi və ya qalxacağı barədə əvvəlcədən bir şey söyləmək çox çətindir. Proqnozlaşdırma çox mürəkkəbdir. Biz İran rəsmilərindən bəzi məktublar almışıq. Bəzi telefon danışıqları olub ki, münasibətlər normallaşsın. Lakin birmənalı olaraq, tələblərimiz legitim və əsaslıdır. Əgər bu tələblər yerinə yetirilərsə, onda biz normallaşma haqqında danışa bilərik. Əgər yox, bu, belə də qalacaq. Bir daha deyirəm ki, bu, bizim seçimimiz deyil. Lakin İranda hər kəs, bütün dairələr nəhayət anlamalıdır ki, hədə və terror dili Azərbaycanla işləməyəcək. Onlar bunu nə qədər tez anlasalar, biz normallaşma əlamətlərini bir o qədər tez görə bilərik,” dövlət başçısı qeyd edib.

Son bir ildə İran və Azərbaycan arasında münasibətlərdə gərginlik davam edir. 2022-ci ildə hər iki ölkə sərhədləri boyunca qarşılıqlı hərbi təlimlər keçirib. Bu il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın olub. Səfirliyin təhlükəsizlik xidmətinin rəhbəri öldürülüb, daha iki əməkdaşı yaralanıb. Bundan sonra Azərbaycan Tehrandakı səfirliyinin diplomatik fəaliyyətini tam dayandırıb.

Martın 29-da Azərbaycanın İsraildə səfirliyinin açılmasından sonra İran Xarici İşlər Nazirliyi Azərbaycanla bağlı ittihamedici bəyanatlar verib. İki ölkənin hökumətyönümlü medialarında bir-birinə qarşı hədələyici, ittihamedici reportajlar yayılır.

Aprelin 6-da rəsmi Bakı İran siyasətçilərinin Azərbaycan dövlətinə qarşı ittihamedici bəyanatları ilə əlaqədar bu ölkə səfirliyinin 4 əməkdaşını persona non grata elan edib.

Bundan sonra İran da Azərbaycanın dörd diplomatını persona non grata elan edib.

İranın dəfələrlə Xarici İşlər Nazirliyinə çağırılan Azərbaycandakı səfirinə notalar təqdim edilib.

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG