Accessibility links

Azərbaycan gömrükçüləri İrandan Niderlanda aparılan 499 kiloqramdan çox narkotiki ələ keçirib


Azərbaycan gömrükçüləri İrandan Niderlanda aparılan narkoptiki tutub (Mənbə: Gömrük Komitəsi)
Azərbaycan gömrükçüləri İrandan Niderlanda aparılan narkoptiki tutub (Mənbə: Gömrük Komitəsi)

Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitənin Azərbaycan ərazisinə keçirilməsi cəhdinin qarşısını alıb.

Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat yayıb.

Məlumatda deyilir ki, “Culfa” dövlət sərhədindən buraxılış məntəqəsində Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Niderlanda gedən yük avtomobilindən xalis çəkisi 499 kiloqram 203,9 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilib.

Ümumilikdə Azərbaycanda dövriyyədən çıxarılan narkotik vasitələrin böyük hissəsinin İrandan gətirildiyi bildirilir. İranla sərhəddə narkotik qaçaqmalçıları ilə Azərbaycan sərhədçiləri arasında tez-tez atışmalar olduğu barədə rəsmi məlumatlar yayılır. Atışmalar zamanı bir neçə narkotacir, sərhədçi öldürülüb və ya yaralanıb.

Azərbaycan və İran rəsmilərinin görüşlərində narkotik qaçaqmalçılığının qarşısının alınması ilə bağlı məsələlər dəfələrlə müzakirə edilsə də, qanunsuz narkotik daşınması artmaqda davam edir.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının məlumatına görə, ötən ilin doqquz ayı ərzində Azərbaycanda ümumi dəyəri 168 milyon 635 min manat (təxminən 99 milyon dollar) olan 4 ton 827 kiloqram, 2021-ci ildə isə ümumilikdə 6 tondan çox narkotik vasitələr və psixotrop maddələr qanusuz dövriyyədən çıxarılıb.

Komissiyanın digər məlumatında deyilir ki, Azərbaycandan bir neçə qanunsuz tranzit narkotik marşrutu keçir. Bunlar İran - Azərbaycan, İran - Azərbaycan - Rusiya - Yaponiya, İran – Azərbaycan - Gürcüstan - Avropa, İran - Azərbaycan - Rusiya - Ukrayna marşrutlarıdır.

Mövzuya uyğun

XS
SM
MD
LG