Accessibility links

İrandan Azərbaycana narkotik gətirən şəxslər saxlanılıb


İrandan Azərbaycana 24 kq narkotik vasitə gətirən şəxslər saxlanılıb. (foto mənbə: Dövlət Sərhəd xidməti)
İrandan Azərbaycana 24 kq narkotik vasitə gətirən şəxslər saxlanılıb. (foto mənbə: Dövlət Sərhəd xidməti)

Azərbaycan sərhədçiləri tərəfindən İranla sərhəddə 24 kiloqram narkotik vasitə və 290 ədəd psixitrop həb aşkar edilərək götürülüb və 3 sərhəd pozucusu saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumatında deyilir ki, yanvarın 17-də Biləsuvar rayonunun Yuxarı Ağalı kəndi (Bakıdan 189 kilometr cənub) yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin İran istiqamətində pozulması aşkar edilib.

Məlumata görə saxlanılan şəxslərin Azərbaycan vətəndaşları olub.

"Avtomobilə baxış zamanı ümumi çəkisi 24 kq 300 qram narkotik vasitəyə bənzər maddə (marixuana), 290 ədəd psixotrop həb (metadon M-40), bir ədəd ampulada civəyə bənzər maye və spirtli içkilər aşkar olunaraq götürülmüşdür", məlumatda deyilir.

Xatırlatma

Bundan öncə dekabrın 30-da Azərbaycan sərhədçiləri İrandan gətirilən ümumi çəkisi 170 kiloqram 106 qram narkotik vasitəni (20 kiloqram 158 qram heroin, 142 kiloqram 131 qram marixuana, 4 kiloqram 792 qram metamfetamin, 3 kiloqram 025 qram tiryək və 81228 ədəd "metadon M-40" həbləri) aşkar edərək götürüb.

Ümumilikdə Azərbaycanda dövriyyədən çıxarılan narkotik vasitələrin böyük hissəsinin İrandan gətirildiyi bildirilir. Azərbaycan hüquq-mühafizə orqanları demək olar ki, hər həftə İrandan ölkə ərazisinə gətirildiyi ehtimal edilən yüz kiloqramlarla narkotikin tutulması barədə məlumatlar yayır.

İranla sərhəddə narkotik qaçaqmalçıları ilə Azərbaycan sərhədçiləri arasında tez-tez atışmalar olduğu barədə rəsmi məlumatlar yayılır. Atışmalar zamanı bir neçə narkotacir, sərhədçi öldürülüb və ya yaralanıb.

Azərbaycan və İran rəsmilərinin görüşlərində narkotik qaçaqmalçılığının qarşısının alınması ilə bağlı məsələlər dəfələrlə müzakirə edilsə də, qanunsuz narkotik daşınması artmaqda davam edir.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının məlumatına görə, ötən ilin doqquz ayı ərzində Azərbaycanda ümumi dəyəri 168 milyon 635 min manat (təxminən 99 milyon dollar) olan 4 ton 827 kiloqram, 2021-ci ildə isə ümumilikdə 6 tondan çox narkotik vasitələr və psixotrop maddələr qanusuz dövriyyədən çıxarılıb.

Komissiyanın digər məlumatında deyilir ki, Azərbaycandan bir neçə qanunsuz tranzit narkotik marşrutu keçir. Bunlar İran - Azərbaycan, İran - Azərbaycan - Rusiya - Yaponiya, İran – Azərbaycan - Gürcüstan - Avropa, İran - Azərbaycan - Rusiya - Ukrayna marşrutlarıdır.

XS
SM
MD
LG