Accessibility links

İran vətəndaşları Azərbaycanın sərhədini pozub, 24 kiloqran narkotik götürülüb


İran vətəndaşından narotik götürülüb (Foto Dövlət Sərhəd Xidmətinindir)
İran vətəndaşından narotik götürülüb (Foto Dövlət Sərhəd Xidmətinindir)

Azərbaycan sərhədçiləri İrandan gətirilən 24 kiloqram narkotik maddəni aşkar edərək götürüb və bir sərhəd pozucusunu saxlayıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumatında deyilir ki, yanvarın 15-də Füzuli rayonunun Böyük Bəhmənli kəndi (Bakıdan 310 kilometr cənub-qərb) yaxınlığında 3 nəfərin İran istiqamətində dövlət sərhədini pozması müşahidə edilib.

“Sərhəd naryadı xəbərdarlıq məqsədilə silahdan istifadə edib. Bu zaman havanın qaranlıq və relyefin mürəkkəb olmasından istifadə edən sərhəd pozucuları geriyə-İran istiqamətinə qaçıb. Texniki videomüşahidə kameraları və müşahidə-kəşfiyyat xarakterli pilotsuz uçuş aparatı vasitəsilə sərhəd pozucusunun birinin yeri müəyyən edilərək saxlanılıb. İlkin dindirmə zamanı saxlanılan şəxs İran vətəndaşı Rezai Murtuza Məcid oğlu İrandan Azərbaycana narkotik vasitə keçirmək məqsədilə gəldiklərini deyib. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 3 ədəd bağlamada, ümumi çəkisi 24 kiloqram 285 qram narkotik vasitə (marixuana) aşkar olunaraq götürülüb”, məlumatda qeyd edilir.

Bundan öncə dekabrın 30-da Azərbaycan sərhədçiləri İrandan gətirilən ümumi çəkisi 170 kiloqram 106 qram narkotik vasitəni (20 kiloqram 158 qram heroin, 142 kiloqram 131 qram marixuana, 4 kiloqram 792 qram metamfetamin, 3 kiloqram 025 qram tiryək və 81228 ədəd “metadon M-40” həbləri) aşkar edərək götürüb.

Ümumilikdə Azərbaycanda dövriyyədən çıxarılan narkotik vasitələrin böyük hissəsinin İrandan gətirildiyi bildirilir. Azərbaycan hüquq-mühafizə orqanları demək olar ki, hər həftə İrandan ölkə ərazisinə gətirildiyi ehtimal edilən yüz kiloqramlarla narkotikin tutulması barədə məlumatlar yayır.

İranla sərhəddə narkotik qaçaqmalçıları ilə Azərbaycan sərhədçiləri arasında tez-tez atışmalar olduğu barədə rəsmi məlumatlar yayılır. Atışmalar zamanı bir neçə narkotacir, sərhədçi öldürülüb və ya yaralanıb.

Azərbaycan və İran rəsmilərinin görüşlərində narkotik qaçaqmalçılığının qarşısının alınması ilə bağlı məsələlər dəfələrlə müzakirə edilsə də, qanunsuz narkotik daşınması artmaqda davam edir.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının məlumatına görə, ötən ilin doqquz ayı ərzində Azərbaycanda ümumi dəyəri 168 milyon 635 min manat (təxminən 99 milyon dollar) olan 4 ton 827 kiloqram, 2021-ci ildə isə ümumilikdə 6 tondan çox narkotik vasitələr və psixotrop maddələr qanusuz dövriyyədən çıxarılıb.

Komissiyanın digər məlumatında deyilir ki, Azərbaycandan bir neçə qanunsuz tranzit narkotik marşrutu keçir. Bunlar İran - Azərbaycan, İran - Azərbaycan - Rusiya - Yaponiya, İran – Azərbaycan - Gürcüstan - Avropa, İran - Azərbaycan - Rusiya - Ukrayna marşrutlarıdır.

XS
SM
MD
LG