Accessibility links

Bu il Azərbaycandan İrana gedənlərin sayı 25,4 faiz azalıb


Azərbayca-İran sərhədi (Rəsmi foto. Mənbə: Sərhəd Xidməti)
Azərbayca-İran sərhədi (Rəsmi foto. Mənbə: Sərhəd Xidməti)

Azərbaycan Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 20,2 faiz artaraq 358,6 min nəfər olub. Rusiyaya gedən Azərbaycan vətəndaşlarının sayı 46,6 faiz, Gürcüstana gedənlərin sayı 44,6 faiz, Türkiyəyə gedənlərin sayı 6,4 faiz artıb, İrana gedənlərin sayı isə 25,4 faiz azalıb. Ölkə vətəndaşlarının 39,4 faizi Türkiyəyə, 22,9 faizi Rusiyaya, 9,6 faizi Gürcüstana, 8,0 faizi İrana, 20,1 faizi digər ölkələrə səfər edib. Gedənlərin 68,9 faizini kişilər, 31,1 faizini qadınlar təşkil edib.

Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Komitə bildirir ki, 2023-cü ilin yanvar-mart aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 67,4 faizi hava, 30,0 faizi dəmir yolu və avtomobil, 2,6 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Komitənin məlumatına əsasən, 2023-cü ilin yanvar-mart aylarında Azərbaycana dünyanın 157 ölkəsindən 368,9 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 49,8 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

"Azərbaycana gələnlərin 32,3 faizi Rusiya, 21,5 faizi Türkiyə, 9,1 faizi İran, 5,6 faizi Gürcüstan, 4,2 faizi Hindistan, 2,7 faizi Pakistan, 2,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,9 faizi Qazaxıstan, hər birindən 1,7 faiz olmaqla Səudiyyə Ərəbistanı və Özbəkistan, hər birindən 1,6 faiz olmaqla Ukrayna və Belarus, 1,4 faizi Küveyt, 1,3 faizi Türkmənistan, 10,8 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 76,9 faizini kişilər, 23,1 faizini qadınlar təşkil edir", məlumatda qeyd olunub.

Statistika Komitəsi bildirir ki, 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 1,8 dəfə artaraq 151,4 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 40,1 faiz artaraq 15,2 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 1,5 faiz artaraq 59,1 min nəfər olub.

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi bu il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumdan sonra ölkə vətəndaşlarının İrana səfər etməməsini tövsiyə edib. Silahlı hücum zamanı səfirliyin təhlükəsizlik xidmətinin rəhbəri həlak olub, daha iki əməkdaş güllə yarası alıb. Bununla əlaqədar Azərbaycan İrandakı səfirliyinin diplomatik fəaliyyətini tam dayandırıb, səfirlik işçilərini ölkədən çıxarıb.

XS
SM
MD
LG