Accessibility links

Azərbaycan prezidenti: Azərbaycan ilə İran arasında münasibətlər çox aşağı səviyyədədir


İlham Əliyev (Rəsmi foto)
İlham Əliyev (Rəsmi foto)

Azərbaycan ilə İran arasında münasibətlər hazırda heç zaman olmadığı qədər çox aşağı səviyyədədir və onların həmin səviyyədə qalacağı, yoxsa daha aşağı düşəcəyi və ya qalxacağı barədə əvvəlcədən bir şey söyləmək çox çətindir.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransdakı çıxışında deyib.

İki ölkə arasında münasibətlərlə bağlı proqnozlaşdırmanın çox mürəkkəb olduğunu vurğulayan Əliyev bildirib: “Biz İran rəsmilərindən bəzi məktublar almışıq. Bəzi telefon danışıqları olub ki, münasibətlər normallaşsın. Lakin birmənalı olaraq, tələblərimiz legitim və əsaslıdır. Əgər bu tələblər yerinə yetirilərsə, onda biz normallaşma haqqında danışa bilərik. Əgər yox, bu, belə də qalacaq. Bir daha deyirəm ki, bu, bizim seçimimiz deyil. Lakin İranda hər kəs, bütün dairələr nəhayət anlamalıdır ki, hədə və terror dili Azərbaycanla işləməyəcək. Onlar bunu nə qədər tez anlasalar, biz normallaşma əlamətlərini bir o qədər tez görə bilərik”, dövlət başçısı qeyd edib.

Prezident bildirib ki, hazırda Azərbaycanın Tehrandakı səfirliyi bağlıdır.

“Bu, mənim qərarımdır, çünki mənim üçün insanlarımızın təhlükəsizliyi və həyatı daha vacibdir”, o qeyd edib.

Son bir ildə İran və Azərbaycan arasında münasibətlərdə gərginlik davam edir. 2022-ci ildə hər iki ölkə sərhədləri boyunca qarşılıqlı hərbi təlimlər keçirib. Bu il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın olub. Səfirliyin təhlükəsizlik xidmətinin rəhbəri öldürülüb, daha iki əməkdaşı yaralanıb. Bundan sonra Azərbaycan Tehrandakı səfirliyinin diplomatik fəaliyyətini tam dayandırıb.

Martın 29-da Azərbaycanın İsraildə səfirliyinin açılmasından sonra İran Xarici İşlər Nazirliyi Azərbaycanla bağlı ittihamedici bəyanatlar verib. İki ölkənin hökumətyönümlü medialarında bir-birinə qarşı hədələyici, ittihamedici reportajlar yayılır.

Aprelin 6-da rəsmi Bakı İran siyasətçilərinin Azərbaycan dövlətinə qarşı ittihamedici bəyanatları ilə əlaqədar bu ölkə səfirliyinin 4 əməkdaşını persona non-qrata elan edib.

İranın dəfələrlə Xarici İşlər Nazirliyinə çağırılan Azərbaycandakı səfirinə notalar təqdim edilib.

Son aylarda iki ölkə xarici işlər nazirləri arasında münasibətlərin normallaşadırılması istiqamətində bir neçə raund danışıqlar keçirilsə də, tərəflər irəliləyişlə bağlı hər hansı bəyanat verməyib.

Mövzuya uyğun

XS
SM
MD
LG