Accessibility links

Azərbaycan və İran xarici işlər nazirləri son həftədə üçüncü dəfə telefonla danışıb


Ceyhun Bayramov və Hüseyn Əmir Abdullahian
Ceyhun Bayramov və Hüseyn Əmir Abdullahian

Aprelin 14-də Azərbaycan və İranın xarici işlər nazirləri Ceyhun Bayramovla Hüseyin Əmir Abdullahian arasında telefon danışığı olub.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatına görə, söhbət zamanı nazirlər Azərbaycanla İran arasında ikitərəfli münasibətlərin mövcud vəziyyətini müzakirə ediblər.

“Tərəflər danışıqların davam etdirilməsi və zərurət olacağı təqdirdə ikitərəfli səfərlərin həyata keçirilməsinin mümkün olduğunu bildiriblər. Nazirlər eyni zamanda, regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar”, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi bildirib.

İran Xarici İşlər Nazirliyinin məlumatında isə deyilir ki, aprelin 14-də İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və onun Azərbaycandan olan həmkarı Ceyhun Bayramov ikitərəfli əlaqələrdəki son duruma dair telefon danışığının üçüncü raundunu keçiriblər.

“Danışıqlar zamanı tərəflər iki ölkə arasında əldə olunmuş razılaşmaların davam etdirildiyini vurğulayıblar. İran və Azərbaycanın yüksək səviyyəli diplomatlarının iki ölkənin paytaxtlarında daimi görüşləri gündəmdədir. Konstruktiv danışıqlar zamanı nazirlər iki ölkənin rəsmiləri arasında məsləhətləşmələrin davam etdirildiyini vurğulayıblar”, məlumatda qeyd edilir.

Bu son həftə ərzində iki ölkə xarici işlər nazirlərinin üçüncü telefon danışığıdır. Bundan öncə aprelin 7 və 8-də Azərbaycan və İran xarici işlər naziri arasında telefon danışığı baş tutub.

Aprelin 12-də isə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevlə iki ölkə arasındakı münasibətlərdəki durumu müzakirə edib.

Daha öncə aprelin 6-da rəsmi Bakı İran siyasətçilərinin Azərbaycan dövlətinə qarşı ittihamedici bəyanatları ilə əlaqədar bu ölkə səfirliyinin 4 əməkdaşını persona non-qrata elan edib.

Xatırladaq ki, son bir ildə İran və Azərbaycan arasında münasibətlərdə gərginlik davam edir. 2022-ci ildə hər iki ölkə sərhədləri boyunca qarşılıqlı hərbi təlimlər keçirib. Bu il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın olub. Səfirliyin təhlükəsizlik xidmətinin rəhbəri öldürülüb, daha iki əməkdaşı yaralanıb. Bundan sonra Azərbaycan Tehrandakı səfirliyinin diplomatik fəaliyyətini tam dayandırıb.

Martın 29-da Azərbaycanın İsraildə səfirliyinin açılmasından sonra İran Xarici İşlər Nazirliyi Azərbaycanla bağlı ittihamedici bəyanatlar verib. İki ölkənin hökumətyönümlü medialarında bir-birinə qarşı hədələyici, ittihamedici reportajlar yayılır.

İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə dəfərlərlə çağırılaraq notalar təqdim edilib.

Mövzuya uyğun

XS
SM
MD
LG