Accessibility links

Azərbaycan xarici işlər naziri İsrail və Fələstinə rəsmi səfərə gedib


Ceyhun Bayramov (Foto Azərbaycan Xarici İşlər Nazirliyinindir)
Ceyhun Bayramov (Foto Azərbaycan Xarici İşlər Nazirliyinindir)

Martın 28-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İsrail və Fələstinə rəsmi səfərə yola düşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatına görə, səfər çərçivəsində nazir Ceyhun Bayramovun hər iki ölkənin yüksək səviyyəli nümayəndələri ilə görüşlərinin keçirilməsi, habelə Azərbaycanın İsrail dövlətindəki səfirliyinin açılış mərasimində iştirakı nəzərdə tutulub.

Bu gün Azərbyacna Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anatoliy Rafailov, qrupun üzvləri Arzu Nağıyev, Ağalar Vəliyev, Fatma Yıldırım, Elnur Allahverdiyev, Asim Mollazadə və Rasim Musabəyov İsrailin Tel-Əviv şəhərinə səfər edib.

Səfər çərçivəsində Milli Məclisin deputatları İsrail Dövlətində Azərbaycanın səfirliyinin açılması mərasimində iştirak edəcəklər.

Milli Məclis 2022-ci il noyabrın 19-da Azərbaycan hökumətinin İsraildə səfirlik, Fələsində nümayəndəlik açmasına razılıq verib.

Azərbaycan prezidenti İlham Əliyevin yanvarın 11-də imzaladığı sərəncamla Muxtar Məmmədov Azərbaycanın İsrail dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Martın 26-da Muxtar Məmmədov etimadnaməsini İsrail Prezidenti İsxak Hersoqa təqdim edib.

Azərbaycanın İsraildə səfirlik açmaq qərarı çoxsaylı beynəlxalq qurumlar tərəfindən dəstəklənib. İsrail hökuməti Azərbaycanın Tel-Əvivdə səfirlik açmasını strateji müttəfiqlik əlaqələrinin gücləndirilməsinə işarə kimi qiymətləndirib.

Azərbaycanın İsraildə səfirlik açması barədə qərarı İran-Azərbaycan münasibətlərində gərginlik yaşandığı vaxta təsadüf edir. Anti-İsrail ideologiyasına əsaslanan mövcud İran hakimiyyəti bir qayda olaraq Azərbaycanın İsraillə münasibətlərinə tənqidi mövqe bəsləyib.

XS
SM
MD
LG