Accessibility links

İran Azərbaycanından olan ictimai-siyasi xadimlər yeni təşkilat yaradır


Noyabr 2015 - İran Azərbaycanı (Mənbə: VOA)
Noyabr 2015 - İran Azərbaycanı (Mənbə: VOA)

İran Azərbaycanından olan bir qrup ictimai-siyasi xadim İranda yaşayan azərbaycanlıların 1945-1946-cı illərdə elan etdikləri Azərbaycan Milli Hökumətini yenidən bərpa etmək məqsədi ilə yeni təşkilat təsis etdiyini bildirib.

Onlar aprelin 30-da yeni yaradılan Güney Azərbaycan Milli Dövlətçilik Şurasının onlayn təsis toplantısının keçiriləcəyini elan edib.

Bu barədə Güney Azərbaycan Milli Dövlətçilik Şurasının təəşəbbüs qrupunun açıqlamasında deyilir.

Təşəbbüs qrupunun kooridnatoru Çingiz Göytürkdür. Təşəbbüs qrupuna Saleh İldırım (Güney Azərbaycan İstiqlal Partiyasının sədri), Əhməd Obalı (Günaz televiziyasının təsisçisi), Əjdər Tağızadə (Güney Azərbaycan Demokratik Türk Partiyasının sədri), Sadiq İsabəyli (Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin İdarə Heyətinin üzvü) və başqaları daxildir.

Təşkilatın qərargahı Finlandiyada yerləşəcək.

Təşəbbüs qrupunun açıqlamasında deyilir ki, Güney Azərbaycan Milli Dövlətçilik Şurasının mübarizəsi "milli-siyasi ideya və zəngin dövlətçilik təcrübəsinə, ümumtürk milli məfkurəsinin təməl prinsiplərinə söykənir və Azadlıq, Ədalət, Milli hökumət devizi ilə milli dövlətçiliyin qurulması yönündə fəaliyyət göstərir".

Açıqlamada "Milli Dövlətçilik Şurasının çağdaş, demokratik, dünyəvi-sekulyar Güney Azərbaycan dövlətinin yaradılması uğrunda mübarizə apardığı" deyilir.

Rəsmi Tehran təşkilatın açıqlamasına hələ münasibət bildirməyib. İranın Azərbaycandakı səfirliyi medianın şərh almaq üçün telefon zənglərinə indiyə qədər cavab verməyib.

Xatırlatma

1945-ci il dekabrın 12-də (21 azər) İran Azərbaycanın Təbriz şəhərində Azərbaycan Milli Hökuməti elan edilib.

İkinci Dünya müharibəsindən sonra İran Azərbaycanında başlayan milli azadlıq hərəkatı 1945-ci il dekabrın 12-də Seyid Cəfər Pişəvərinin başçılıq etdiyi Milli Hökumətin qurulması ilə başa çatıb. Bu hadisə tarixə 21 Azər hərəkatı kimi daxil olub.

Yeni yaranan Milli Hökümət İranda Azərbaycan milli muxtariyyət hüququnu tanıyan bir quruluş kimi fəaliyyətə başlasa da, daha sonra hədəflərini genişləndirərək müstəqillik siyasəti yürüdüb. Yeni hökumət Azərbaycan dilinin dövlət dili olaraq qəbul edilməsi, ana dilində kitabların çapı, Təbriz Dövlət Universiteti və çox sayda orta məktəblərin açılması, milli teatr və mili filarmoniyanın qurulması, milli kitabxanaların istifadəyə verilməsi, yolların çəkilməsi, torpaq islahatı, iri bankların milliləşdirilməsi, səyyar xəstəxana və klinikaları, sosial proqramlar, Milli Ordunun yaradılması, qadınlara kişilərlə yanaşı bərabər hüquqların verilməsi, bütün xalqların nümayəndələrinin eyni hüquqlara malik olması və digər bu kimi qərarlar qəbul edib.

21 Azər hərəkatı 1946-cı ilin dekabrında İran ordusu tərəfindən iflasa uğradılıb. Tarixi məlumatlara görə, Milli hökumətin çoxsaylı qurucuları və on minlərlə tərəfdarı həbs edilib və ya qətlə yetirlib.

XS
SM
MD
LG