Təbrizin Traktor futbol komandasının azarkeşləri bir müddətdir stadionda səsləndirdikləri ənənəvi "Türk dilində mədrəsə" və "Azərbaycan var olsun" kimi şüarlardan əlavə yeni şüarlar səsləndirməyə başlayıb.
Bazar günü Təbrizin 70 min nəfərlik stadinonunda Traktor komandası ilə Tehran Peykan komandası arasında keçirilən matç zamanı minlərlə azarkeş milli-mədəni şüarları səsləndirmə ənənəsini davam etdirib.
Sosial şəbəkələrdə paylaşılan videolarda azarkeşlərin "Nə şahçıyam nə şeyxçi, millətçiyəm millətçi!", "Azadlıq, ədalət, milli hökümət", "Türk dilində mədrəsə, olmalıdır hərkəsə" və "Azərbaycan var olsun, istəməyən kor olsun!" kimi şüarların səsləndirildiyi eşidilir.
2022-23 İran pro-liqa oyunları çərçivəsində keçirilən matçda Traktor komandası Peykanı 1-0 hesabı ilə məğlub edib.
İranda 'türk kimliyinin simvolu' kimi tanınan Təbrizin Traktor futbol komandasının azarkeşləri keçən illərdən bəri stadionlarda şüarlar səsləndirib və plakatlar nümayiş etdirərək, türk dilində təhsil tələbini gündəmə gətirib, siyasi məhbuslara dəstək bildirib, habelə "Urmiyə gölünün qurudulması" və İranda qadınların stadiona giriş yasağına etiraz ediblər.