Accessibility links

Təbriz stadionunda minlərlə azarkeş "Türk Dilində Mədrəsə" şüarını səsləndirib


Təbriz Stadionu
Təbriz Stadionu

Cümə günü Təbrizin böyük stadionunda Traktor komandası və onun əsas rəqiblərindən olan İsfahanın Sepahan komandası arasında keçirilən matç zamanı minlərlə tərəfdar milli-mədəni şüarlar səsləndirib.

İran Azərbaycanının digər şəhərlərindən də çox sayda azarkeş matçı izləmək üçün Təbrizə gediblər.

2022-23 İran pro-liqa oyunları çərçivəsində keçirilən matç 1-0 hesabı ilə Təbrizin Traktor komandasının qələbəsi ilə başa çatıb.

Sosial şəbəkələrdə yayılan videolarda Təbrizin 70 min nəfərlik Səhənd stadionunun tamaşaçılarla dolduğu görünür. Çox sayda Traktor azarkeşi matç boyunca "Türk Dilində Mədrəsə, Olmalıdır Hərkəsə" və "Azadlıq, Ədalət, Milli Hökümət" kimi şüarlar səsləndiriblər.

Araz News saytının yaydığı bir videoda görünür ki, stadionunun bir tərəfində minlərlə tərəfdar yüksək səslə "Türk Dilində Mədrəsə" şüarını səsləndirir. Digər tərəfdəki tamaşaçılardan isə "Olmalıdır Hərkəsə" cavabı eşidilir.

Abbas Lisani adlı Telegram kanalında paylaşılan bir videoda isə tamaşaçıların "Nə Mutlu Türküm Deyənə" şüarını səsləndirdikləri görünür.

Sosial şəbəkələrdə paylaşılan bəzi görüntülərdə azarkeşlərin əllərində plakatlar var.

İranda 'türk kimliyinin simvolu' kimi tanınan Təbrizin Traktor futbol komandasının azarkeşləri keçən illərdən bəri stadionlarda şüarlar səsləndirib və plakatlar nümayiş etdirərək, türk dilində təhsil tələbini gündəmə gətirib, siyasi məhbuslara dəstək bildirib, habelə "Urmiyə Gölünün qurudulması" və İranda qadınların stadiona giriş yasağına etiraz ediblər.

XS
SM
MD
LG