Accessibility links

İran Azərbaycanının bir neçə şəhərində qız məktəblərində zəhərlənmə halları baş verib


Urmiyədə qız məktəblərinə kimyəvi hücumdan sonra məktəbli qızlar xəstəxanaya yerləşdirilib/
Urmiyədə qız məktəblərinə kimyəvi hücumdan sonra məktəbli qızlar xəstəxanaya yerləşdirilib/

Aprelin 16-da İranın bir neçə şəhəri və eyni zamanda İran Azərbaycanının bəzi şəhərlərində qız məktəblərində kimyəvi maddələrlə zəhərlənmə halları baş verib və onlarla qız şagird xəstəxanaya göndərilib.

Sosial mediada paylaşılan video və fotolara əsasən, İranın Mazandaran vilayətinin Babolsər şəhəri, Kərəc və Tehran ilə yanaşı İran Azərbaycanının Urmiyə, Ərdəbil və Qərbi Azərbaycan vilayətinin Mahabad şəhərində məktəbli qızların zəhərlənməsi ilə bağlı xəbərlər yayılıb.

Sosial mediada yayılan video-görüntülərdə məktəbli qızların xəstəxanada müalicə olunduğunu və habelə onların təcili yardım maşınları ilə xəstəxanaya aparıldığı müşahidə olunur.

Qərbi Azərbaycanın Urmiyə şəhərində Təravət adlı qız məktəbində zəhərlənən şagirdlərdən bir neçəsi təcili tibbi yardım şöbəsi tərəfindən xəstəxanaya aparılıb və onlara tibbi yardım göstərilib. Bəzi məlumatlarda xəstəxanaya yerləşdirilən tələbələrin sayının təxminən qırx nəfər olduğu bildirilir.

Ərdəbildə Merac adlı məktəbin şagirdlərinin xəstələndiyi və bəzilərinin təcili yardım maşınları ilə xəstəxanaya köçürüldüyü barədə xəbərlər yayılıb. Bildirilir ki, artıq üçüncü dəfədir ki, Ərdəbildəki Merac məktəbində şagirdlər zəhərlənir.

Son həftələr İranda Novruz bayramından sonra məktəblərin yenidən açılması ilə qız şagirdlərin zəhərlənməsi sayı kəskin şəkildə artıb.

İranda məktəblərdə tələbələrin zəhərlənməsi halı ötən il noyabrın 30-da qeydə alınıb və o vaxtdan bəri ölkədə kimyəvi zəhərlənmə halları davam edir.

Hələlik ölkənin rəsmi qurumlarından heç biri tələbələrin zəhərləndiyi maddə və ölkə miqyasında qız tələbələrə qarşı iddia edilən kimyəvi hücumu həyata keçirənlərlə bağlı ətraflı məlumat verməyib. İranda qız məktəblərində şagirdlərin kütləvi zəhərlənmə halları keçən ilin noyabr ayından bəri davam etsə də, hökumət bu barədə dəqiq məlumat paylaşmaqdan imtina edir.

XS
SM
MD
LG