ABŞ Hərbi Hava Qüvvələrinin Milli Qvardiya Bürosunun rəis müavini general-leytenant Mark Sassevil (Air Force Lt. Gen. Marc Sasseville) bazar ertəsi Pentaqonda Azərbaycan müdafiə nazirinin müavini və Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov ilə görüşüb.
Bu barədə Hərbi Hava Qüvvələrinin Milli Qvardiya Bürosunun 29-cu rəisi general Daniel Hokansonun Twitter səhifəsində bildirilir.
Tərəflər 2002-ci ildə qurulmuş Dövlət Tərəfdaşlıq Proqramı çərçivəsində uzunmüddətli, qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərini və ümumi ikitərəfli müdafiə əməkdaşlığını müzakirə ediblər.
Siyasi tədqiqatçı Fuad Şahbazov Amerikanın Səsinə bu görüşlər barədə şərh verib.
Onun sözlərinə görə, ABŞ-Azərbaycan arasında hərbi əməkdaşlıq uzun müddədir mövcuddur.
"Hərbi əməkdaşlıq xüsusi proqramlar çərçivəsində həyata keçirilir. Azərbaycan ilə hərbi əməkdaşlığı əsas koordinasiya edən dövlət qurumu ABŞ Müdafiə Departamentidir. ABŞ Müdafiə Departamenti ilə əməkdaşlıq çərçivəsində Azərbaycana illik hər il müəyyən məbləğdə hərbi yardım ayrılır. Bu yardımlar Azərbaycanın Silahlı Qüvvələrinin müdafiə qabiliyyətinin artırılması, müəyyən hərbi infrastrukturun mühafizəsinin təşkili, sərhəd mühafizəsinin gücləndirilməsi kimi funksiyalar daşıyır".
Siyasi təqdiqatçı qeyd edir ki, Azərbaycanın hazırda İran ilə diplomatik qarşıdurması kifayət qədər kritik fazaya daxil olub.
"ABŞ dövlət katibi Antoni Blinkinin ABŞ Konqresində dinləmə zamanı xüsusi olaraq vurğulayıb ki, Azərbaycanın İran ilə kifayət qədər uzun sərhədi var. Bu sərhədin mühafizəsinin təşkilində Azərbaycana lazimi dəstək göstərmək lazımdır deməsi onu göstərir ki, ABŞ və Azərbaycan arasında müəyyən mənada əvvəlki illərə nisbətən daha intensiv bir hərbi əməkdaşlığın şahidi ola bilərik. Düşünürəm ki, ABŞ və Azərbaycan arasında hərbi əməkdaşlıq bir az da intensivləşəcək. Azərbaycana ayrılan illik yardımın da həcmi ola bilsin ki, bir az da artıq olsun", o qeyd edib.
Qeyd edək ki, aprelin 10-da ABŞ Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi general Çarls Braun və Hərbi Hava Qüvvələri katibinin beynəlxalq məsələlər üzrə köməkçisi general-mayor Culian C. Çiter(Julian C. Cheater) Azərbaycan müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirovla Pentaqonda görüşüb.
Görüşdə yüksək rütbəli liderlər regional təhlükəsizlik məsələlərini və ikitərəfli əlaqələri müzakirə edib.