Accessibility links

Ukrayna Baxmut ətrafında Rusiyanın 70-dən çox hücumunu dəf etdiyini deyir


Ukrayna dağıdılmış Baxmut şəhəri ətrafında intensiv döyüşlərin davam etdiyini, qüvvələrinin şərqdə Rusiya qüvvələrinin onlarla hücumunu dəf etdiyini bildirib.

"Çoxsaylı texnika və canlı qüvvə itirməsinə baxmayaraq, düşmən işğalçılıqdan əl çəkmir. Əsas səylərini Liman, Baxmut, Avdiyivka və Maryinka ərazilərində hücum əməliyyatlarının aparılmasına yönəltməkdə davam edir" - deyə, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı aprelin 12-də yaydığı bəyanatda bildirib.

Ukrayna quru qoşunlarının komandanı Serhiy Çerevatiy Baxmutda vəziyyətin nəzarət altında olduğunu bildirib və əlavə edib ki, Kyiv qoşunlarının mühasirəyə alınmasına icazə verməyəcək. Şərqi Donetsk vilayətində Baxmut uğrunda aylarla davam edən döyüşlər Rusiyanın Ukraynaya təcavüzünün ən qanlı döyüşlərindəndir.

ABŞ müdafiə naziri Lloyd Ostinin bildirdiyinə görə, Birləşmiş Ştatlar mənbə tapılana qədər gizli sənədlərin son sızması ilə bağlı araşdırma aparacaq.

Ostin jurnalistlərə "Bunun mənbəyini və ölçüsünü tapana qədər araşdırmanı davam edəcəyik" deyib.

Ukraynanın ABŞ tərəfindən təmin edilən Yüksək Mobil Artilleriya Raket Sistemləri (HIMARS) və digər qabaqcıl silahlar üçün sursatlardan istifadə etdiyinə dair məlumatları özündə əks etdirən sənədlər keçən həftə internetdə açıqlanıb.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Vilyam Burns təfərrüatları bildirmədən, sızmaların "çox təəssüfləndirici" olduğunu, Pentaqon və Ədliyyə Nazirliyinin "olduqca gərgin" araşdırmalar apardığını bildirib.

ABŞ Dövlət katibi Antoni Blinken ukraynalı həmkarı Dmitri Kuleba ilə danışdığını və Birləşmiş Ştatların "Ukraynaya və onun ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini müdafiə etmək səylərinə davamlı dəstəyini" bir daha təkrarladığını deyib.

XS
SM
MD
LG