Accessibility links

İranın Şərqi Azərbaycan vilayətində doğum səviyyəsi azalmaqda davam edir


Təbriz
Təbriz

İranın Şərqi Azərbaycan vilayətinin doğum statistikasi İran üzrə doğum göstəricisinin ortalamasından aşağıda yer alır.

Şərqi Azərbaycan vilayətinin Sağlamlıq Mərkəzinin rəhbəri Hüseyn Həqayi rəsmi dövlət xəbər agentliyi İRNA-ya müsahibəsində doğum səviyyəsinin azalmasını vilayətin ən böyük səhiyyə və sosial problemi olaraq adlandırıb.

Şərqi Azərbaycan Sağlamlıq Mərkəzinin rəhbəri dünya indekslərində uşaq doğuşun standart nisbətini hər anaya 2,1 uşaq olaraq olduğunu bildirərək, bu rəqəmin İranda 1,66 və Şərqi Azərbaycanda isə 1,62 olduğunu bəyan edib.

Dünya standartlarına görə, ölkədə hər bir qadına təxminən 2,1 uşaq düşdüyü halda əvəzetmə dərəcəsi təmin edilir və ölkə əhalisinin sayı sabit qalır. Doğum göstəricisi bu rəqəmdən aşağı düşdüyü halda əhalinin sayı azalmaqdadır.

Şərqi Azərbaycanda doğum səviyyəsi 1,6 olmasına baxmayaraq, bu rəqəm son illərdə artıb-azalsa da, həmişə dünya standardının aşağısında olub. Məsələn, bu ilin mart ayında Şərqi Azərbaycanın Qeydiyyat idarəsi ötən günəş ilində vilayətin doğum səviyyəsini 1,5-a düşdüyünü və 2022-ci ilin mart ayında bu rəqəmin 1,45-a düşdüyünü açıqlamışdı.

Səlahiyyətlilərə görə, mövcud vəziyyət belə davam edərsə, yaxın bir neçə il ərzində vilayətin demoqrafik piramidası ikiqat qocalmağa doğru gedəcək və bu məsələ Şərqi Azərbaycanda siyasi, sosial və ekonomik cəhətlərdən müxtəlif problemlərin meydana çıxmasına səbəb olacaq.

İranda doğum səviyyəsinin aşağı düşməsi və evliliyin azalması ölkədə əsas problemə çevrilib. İran İslam Respublikası son illərdə bəzi həvəsləndirici siyasətlərlə ailələri daha çox uşaq dünyaya gətirməyə təşviq etməyə çalışsa da, görünən odur ki, ölkənin iqtisadi vəziyyətinin yaratdığı dolanışıq problemləri və gələcəyə ümidin azalması ailələri uşaq həyata gətirməkdən çəkindirir.

XS
SM
MD
LG