Accessibility links

Qərbi Azərbaycanın 8 şəhərində 400 mindən çox insan gecəqondularda yaşayır


İranda gecəqondu məhəlləsi
İranda gecəqondu məhəlləsi

Qərbi Azərbaycan vilayətinin 8 şəhərində 400 mindən çox insanın gecəqondularda yaşadığı bildirlir.

Qərbi Azərbaycanın Yol və Şəhərsalma direktoru Möhsün Həmzəli bu vilayətin sadəcə 8 şəhərində qeyri-rəsmi yaşayış məntəqəsində 437 min 756 insanın yaşadığını müəyyən etdiklərini açıqlayıb.

Onun sözlərinə görə, Urmiyə, Salmas, Piranşəhr, Bukan, Mahabad, Nəğədə, Xoy və Miyandab şəhərlərində 1761 hektar ərazini əhatə edən 8 qeyri-rəsmi yaşayış məntəqəsi müəyyən edilib.

İranın Qərbi Azərbaycan vilayətinin müxtəlif şəhərlərinin problemlərindən biri qeyri-rəsmi yaşayış məntəqələrində yaşayan insanların olduqca çox olmasıdır. Belə ki, Qərbi Azərbaycan vilayəti qeyri-rəsmi məhəllələrin ən çox olduğu on vilayətdən biridir.

2021-ci il yarı-rəsmi İSNA xəbər agentliyi İranın həmin vilayətində 700 min nəfərin gecəqondu məhəllələrində yaşadığını bildirmişdi. Ondan əvvəl isə Tasnim xəbər agentliyi 2019-cu ilin mart ayında vilayətdə 600 min nəfərin gecəqondu məhəllələrində yaşadağını qeyd etmişdi.

Dövlət xəbər agentliyi İRNA yazıb ki, "bu problemin həlli böyük çətinliklərlə üz-üzədir, çünki nə bu məhəllələrdə yaşayanların başqa yaşayış binasına daşınmaq üçün maddi imkanları var, nə də səlahiyyətlilər bu geniş ərazilərdə yaşayan çox sayda insana rifah imkanları yarada bilmirlər."

Bütün ölkədə son illərdə kirayə pulunun kəskin artması ailələri yaşamağa davam etmək və daha az kirayə ödəmək üçün şəhər kənarına daşınmaq məcburiyyətində buraxır.

İran parlamentinin İnşaat Komissiyasının üzvü Müctəba Yusifi ötən il İran əhalisinin təxminən dörddə birinin şəhərlərin kənarında qeyri-rəsmi məskunlaşmalarda yaşadığını bildirmişdi.

XS
SM
MD
LG