Accessibility links

Azərbaycan-Rusiya sərhədində yeni sərhəd-buraxılış məntəqəsi açılıb


Xanoba sərhəd-keçid məntəqəsi (Mənbə: AZƏRTAC)
Xanoba sərhəd-keçid məntəqəsi (Mənbə: AZƏRTAC)

Martın 17-də Azərbaycan-Rusiya sərhədində yeni "Xanoba" sərhəd-buraxılış məntəqəsinin açılışı olub.

Tədbirdə Rusiya və Azərbaycan hökumət başçılarının müavinləri Aleksey Overçuk və Şahin Mustafayev iştirak edib.

Yeni məntəqə sərhəddən yüklərin keçidini dəfələrlə artırmağa imkan verəcək. Eyni zamanda qonşu "Samur" və "Yaraq-Qazmalar” keçid məntəqəsinin yükü azalacaq.

Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Azərbaycan-Rusiya sərhədində yerləşən "Xanoba" sərhəd-buraxılış məntəqəsi "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin vacib elementlərindən biridir.

"Bu keçid məntəqəsi yüklərin Hindistandan, Pakistandan, İrandan və Azərbaycandan Rusiyaya daşınmasında vacib rol oynayır. Bu, nəqliyyat dəhlizi 21-ci əsrin ən vacib layihəsidir", o qeyd edib.

Şimal-Cənub dəhlizi (Xəritə Azərbaycan Dəmir yolu Səhmdar Cəmiyyətinin rəsmi saytından götürülüb)
Şimal-Cənub dəhlizi (Xəritə Azərbaycan Dəmir yolu Səhmdar Cəmiyyətinin rəsmi saytından götürülüb)

Azərbaycan Baş nazirin müavini Şahin Mustafayev deyib ki, "Xanoba" sərhəd-buraxılış məntəqəsi Rusiya ilə ikitərəfli iqtisadi inkişaf əlaqələrinin inkişafına ciddi xidmət göstərəcək.

“Keçid məntəqəsi "Şimal-Cənub" dəhlizinin tərkib hissəsidir: Bu məntəqə sərhəddə buraxılış imkanlarının artırılmasına və tranzit daşımalar üçün geniş imkanlar yaradacaq", Mustafayev qeyd edib.

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Razılaşma Rusiya, İran və Hindistan arasında 12 sentyabr 2000-ci ildə Sankt-Peterburq şəhərində əldə edilib. Göstərilən dövlətlərdə daxili prosedurlardan keçdikdən sonra Razılaşma 21 may 2002-ci il tarixdən qüvvəyə minib. 2005-ci ilin sentyabr ayında Azərbaycan “Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizi haqqında Saziş”ə qoşulub.

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaqdır. Həmin dəhliz Avropa-Cənubi Asiya - Yaxın Şərq arasında dəmir yolu və avtomobil daşımalarını da reallaşdıracaq.

XS
SM
MD
LG