Accessibility links

Rusiya Taxıl İttifaqı Bakıda Beynəlxalq Taxıl Ticarəti konfransı keçirəcək


Rusiya Taxıl İttifaqı bu il oktyabrın 4-7-dək Bakıda "Qlobal Taxıl Görünüşü" adlı XII Beynəlxalq Taxıl Ticarəti Konfransı keçirəcək.

Bu barədə Rusiya Taxıl İttifaqı məlumat yayıb.

Məlumatda deyilir ki, Azərbaycanın konfransın keçirilmə yeri kimi seçilməsi onun unikal coğrafi mövqeyi ilə əlaqədardır.

“Azərbaycanın unikal coğrafi mövqeyi bu ölkəni Qara dəniz, Asiya və Yaxın Şərqin taxıl bazarları arasında əlaqə kimi nəzərdən keçirməyə imkan verir. Azərbaycanın İslam dünyası ilə Qara dəniz regionu ölkələri arasındakı pozitiv imici bu ölkəni “Taxıl qapısı” kimi seçməyə imkan verir,“ Rusiya Taxıl İttifaqı qeyd edir.

Taxıl İttifaqı bildirir ki, konfrans çərçivəsində taxıl istehsalı və ticarətinin maliyyələşdirilməsi, taxıl istehsalının inkişafının orta və uzunmüddətli tendensiyaları, investisiyaların, o cümlədən taxıl istehsalına və taxıl bazarı infrastrukturuna bir sıra maraqlı dövlətlərin kollektiv investisiyalarının təşviqi yolları, habelə taxıl istehsalının inkişaf etdirilməsi mexanizmləri barədə geniş müzakirələr nəzərdə tutulub.

Konfrans iştirakçıları həmçinin istehsalçıların və istehlakçıların maraqlarının balansına əsaslanan taxılın “ədalətli” qiymətinin müəyyən edilməsinə yanaşmaları, eləcə də müxtəlif ölkələrdə bütün əhali qrupları üçün taxıl emalı məhsullarının əlçatanlığını təmin etmək üçün tədbirləri müzakirə edəcək. Əhəmiyyətli və aktual məsələ taxıl logistikasının yeni keyfiyyətlə təmin edilməsi, yeni nəqliyyat dəhlizlərinin yaradılması, o cümlədən taxıl tədarükü üçün İpək Yolundan istifadə, Fars körfəzinə çıxışı olan Şimal-Cənub taxıl dəhlizinin yaradılması da diqqət mərkəzində olzacaq.

Beynəlxalq Taxıl Ticarəti Konfransının bütün dövrü ərzində Rusiya, Ukrayna, Qazaxıstan, ABŞ, Böyük Britaniya, İsveçrə, Almaniya, Fransa, Türkiyə, Misir, Suriya, Səudiyyə Ərəbistanı, BƏƏ, İordaniya, Livan, Tunis, Əlcəzair və digər ölkələr də daxil olmaqla dünyanın 30-dan çox ölkəsindən 3000-ə yaxın nümayəndə iştirak edib.

İqtisadçı Natiq Cəfərli Amerikanın Səsinə bildirib ki, Rusiya-Ukrayna müharibəsi dənli bitkilər bazarında yaşanan problemi dəfələrlə artırıb.

“Üç il bundan öncə, 2019-cu ildə dünya bazarında bir ton taxılın qiyməti 170-180 dollar idisə, 2022-ci ilin yay aylarına doğru bu rəqəm 430-440 dollar olub. Türkiyənin birbaşa iştirakı ilə danışıqlar nəticəsində Ukrayna taxılının dünya bazarına çıxarılması bazarda müəyyən qədər sabitliyi təmin etdi. Amma bu, problemi kökündən həll etmədi. Türkiyənin bu işdə öndə olması Azərbaycanda taxıl satışı ilə bağlı konfransın keçirlməsini asanlaşdırıb. Xarici siyasətdə Azərbaycanın Türkiyə ilə sinxron addım atdığını, Azərbaycanın rəsmi şəkildə Türkiyə kimi Rusiyaya qarşı sanksiyalara qoşulmadığını nəzərə alsaq, bu halda konfransın Azərbaycanda keçirilməsi məqbuldur,” ekspert qeyd edib.

Cəfərlinin fikrincə, Azərbaycan hazırda yeni logistik mərkəzə çevirilmək istəyir.

“Bunun üçün yeni dəmir yollarının, yeni Şimal-Cənub kooridorunun açılması zərurəti də yaranıb. Şərq-Qərb kooridoru da Azərbaycanda kəsişir. Ermənistan və İrandan keçəcək növbəti dəmir yolu və avtomobil yolları Azərbaycanın logistik önəmini daha da artıra bilər. Təbii ki, bu üstünlüyü təmin etmək Azərbaycan hökumətindən asılıdır. Çünki Azərbaycanın logistik mərkəzə çevrilməsi üçün ölkənin həm gömrük siyasətini dəyişmək, həm də iqtisadi azadlıqları genişləndirmək lazımdır. Gömrük siyasəti sahəsində isə ciddi islahatlar olmalıdır. Ümumilikdə isə Azərbaycanda belə bir mötəbər tədbirin keçirlməsi kifayət qədər ciddi addımdır. Bu həm də Azərbaycanın bölgədə oynadığı müsbət rola işarədir. Çünki Ukrayna ilə yaxşı münasibətlərimiz var. Rusiya ilə də münasibətlərimiz digər Avropa ölkələrinə nisbətdə gərgin deyil. Fikrimcə, belə bir tədbirin Azərbaycanda keçirilməsi taxılla bağlı problemlərin həliində və bazarda sabitliyin yaranmasında mühüm rol oynaya bilər,” iqtisadçı belə düşünür.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi dünya boyu taxıl təchizastında ciddi problemləör yaradıb. Dünya ictimaiyyəti mühüm dəniz limanlarını blokadaya salan rus qoşunlarının Ukrayna taxılının nəqlini dayandırmasından və nəticədə qlobal miqyasda aclıq təhlükəsinin artmasından narahatlığını ifadə edib.

Məsələ ilə bağlı yalnız ötən günlərdə müəyyən irəliləyiş qeydə alınıb.

BMT-nin yüksək səviyyəli rəsmisinin çərşənbə günü bildirdiyinə görə, kanteynerlərdə və Qara Dəniz limanlarında ilişib qalan Ukrayna taxılının daşınmasına dair razılaşma yaxşı işləyir və ilk həftə 370 min tondan çox ərzaq malları daşınıb.

"Bu əməliyyatın ilkin mərhələsində üç yüz yetmiş min metrik ton, məncə çox ümidverici bir əlamətdir" - deyə, sövdələşməyə nəzarət edən İstanbuldakı Birgə Koordinasiya Mərkəzinini BMT nümayəndəsi Fred Kenni bildirib.

Birgə Koordinasiya Mərkəzinə Rusiya, Türkiyə, Ukrayna və Birləşmiş Millətlər Təşkilatının nümayəndələri daxildir. Mərkəz iyulun 22-də ərzaq məhsulun beynəlxalq bazarlara ixracı məqsədilə İstanbulda imzalanmış Qara Dəniz Taxıl Təşəbbüsü sazişi ticarət gəmilərinin Ukraynanın cənub limanlarına təhlükəsiz hərəkətə nəzarət etmək məqsədilə yaradılıb.

XS
SM
MD
LG